RU

Ali təhsildə böyük yenilik: yeni ixtisas TƏSDİQLƏNDİ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycanda ali təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində mühüm yenilik həyata keçirilib. Bu cür addımların məqsədi ixtisaslaşmış və praktiki bacarıqlara malik kadr hazırlığını gücləndirmək, eyni zamanda yeni inkişaf edən sahələrin ehtiyaclarını qarşılamaqdır. Bu çərçivədə bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" ixtisası yaradılıb. Bu ixtisas son illər sürətlə inkişaf edən daşınmaz əmlak sektorunda peşəkar kadr hazırlığını təmin etməyə və mövcud boşluqları aradan qaldırmağa hesablanıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev qeyd etdi ki, ölkənin böyük şəhərlərində, xüsusən paytaxt Bakı, Abşeron, Sumqayıt, Xırdalan şəhərlərində rieltor (daşınmaz əmlakın (ev, torpaq, ofis) alqı-satqısı və ya icarəsi zamanı tərəflər arasında vasitəçilik edən peşəkar mütəxəssis - red.) fəaliyyəti ilə məşğul olan minlərlə şəxs var:

"Bu sahə Azərbaycanda uzun illərdir mövcuddur və ən gəlirli sahələrdən biridir. Bundan əlavə, çoxmənzilli binaların idarə olunması, alqı-satqı, kirayə və əmlakların idarə olunması ilə bağlı bir çox sahələr var ki, burada çalışan şəxslər bu işi yalnız praktik şəkildə öyrəniblər. Dünyanın əksər ölkələrində ən prestijli sahələrdən biri rieltor sahəsidir və həmin ölkələrdə bu sahə ilə bağlı ali təhsil müəssisələrində fakültələr və yaxud təlim-tədris mərkəzləri mövcuddur. Azərbaycanda isə illər ərzində təlim-tədris mərkəzinin və yaxud ali təhsil müəssisəsində belə fakültənin olmaması səbəbindən bu sahədə çalışanlar işi yalnız praktik şəkildə öyrəniblər. Təəssüf ki, bu sahədə peşəkarların az olması səbəbindən Azərbaycan əmlak sektorunda ciddi axsamalar var. Rieltor fəaliyyəti ilə məşğul olan şəxslərin sənədləşmə proseslərini, hüquqi prosedurları və biznesin təşkilini bilməməsi səbəbindən onlara müştəri qismində müraciət edən çox sayda şəxsə, özləri də bilmədən, ciddi maddi zərərlər vurulub. Yeni fakültənin açılması gələcəkdə Azərbaycanın daşınmaz əmlak sahəsinin idarə olunmasının daha peşəkar şəkildə aparılacağından xəbər verir".

Müsahibimiz vurğuladı ki, hər il ölkəmizdə daşınmaz əmlak sərgiləri keçirilir:

"Bu sərgilərdə onlarla xarici ölkədən tikinti şirkətləri və həmin ölkələrin rieltor şirkətləri iştirak edərək Azərbaycan vətəndaşlarını alıcı-müştəri qismində öz ölkələrinə dəvət edirlər. Bu da ölkəmizdən hər il külli miqdarda valyutanın çıxmasına səbəb olur. Azərbaycanda gələcəkdə bu sahə ilə bağlı peşəkarların yetişməsi, eyni zamanda xarici ölkələrdən Azərbaycana investorların cəlb olunmasına gətirib çıxaracaq. Bundan əlavə, bu sahəni peşəkar bilənlər, yəni yeni açılacaq fakültəni oxuyub bitirən mütəxəssislər bir çox dövlət qurumlarında da çalışa bilərlər. Bu, istər bələdiyyələrdə, istər icra hakimiyyətlərində, istərsə də çoxsaylı dövlət qurumlarının balansında olan əmlakların idarə olunmasında və yaxud rieltor sahəsi ilə bağlı yeni töhfələrin verilməsində özünü göstərə bilər. Düşünürəm ki, yaxın gələcəkdə bu fakültələri bitirən peşəkarlar daşınmaz əmlak sahəsində yeni uğurlara imza atacaq, həmçinin bu sahədəki problemlərin aradan qaldırılmasında böyük rol oynayacaqlar".

Təhsil eksperti Elçin Süleymanov da yeni ixtisasla bağlı fikirlərini Redaktor.az-la bölüşdü. Onun sözlərinə görə, daşınmaz əmlakın idarə edilməsi çox aktual sahədir:

"Xüsusilə daşınmaz əmlakın icarəyə verilməsi, satılması, menecment və idarəetmə sistemi baxımından böyük əhəmiyyət daşıyır. Bu, investisiya alətlərindən biridir və bunu yaxşı bilən mütəxəssislər investisiyaların yönləndirilməsində, sərmayə sahiblərinin və yığım sahiblərinin vəsaitlərinin daha effektiv qazanca yönəldilməsində mühüm rol oynayırlar. Ona görə də bu ixtisası mən aktual hesab edirəm. Bununla əlaqədar Qərbdə bir çox peşə kursları və sertifikat proqramları da var. Yəni bu sahə çox aktualdır və kifayət qədər geniş maraq doğurur. Bu, eyni zamanda daşınmaz əmlak mütəxəssislərinin savadlılığının artmasına da dəstək verəcək. Hazırda bu proseslə məşğul olanlar daha çox vasitəçilik fəaliyyəti ilə məşğuldurlar, amma əslində bu, çox geniş sahədir. Yəni sadəcə alanla satanı bir araya gətirməkdən ibarət deyil.

Burada daşınmaz əmlakın qiymətləndirilməsi, onun inkişaf etdirilməsi, daha dəyərli hala gətirilməsi, müxtəlif kiçik yığımların bir araya gətirilərək böyük investisiya şəklində daşınmaz əmlaka yönəldilməsi kimi məsələlər var. Bir çox sahədə mütəxəssislərə ehtiyac duyulur. Eyni zamanda regionda və ya şəhərin ayrı-ayrı bölgələrində trendlərin izlənilməsi də vacibdir. Qeyd etdiyim kimi, bu bizim başa düşdüyümüz sadəcə alıcı ilə satıcını bir araya gətirmə fəaliyyəti deyil. Daha geniş maliyyə-investisiya fəaliyyətidir, proqnozlaşdırma qabiliyyəti, dünyanın və ölkənin maliyyə bazarlarını təhlil etmə bacarığı tələb edir. Ona görə belə bir ixtisasın olması, düşünürəm ki, faydalıdır və sistemin inkişafına, yığımların iqtisadiyyata qazandırılmasına dəstək verəcək kadrlar hazırlayacaq".

NURİYYƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
redaktor.az

2Источники