RU

“Həmin İşçi Qrup fəaliyyətini dayandırsın” – Elçin Mirzəbəyli

Parlamentdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun fəaliyyətinin dayandırılması təklif edilib.

Busaat.az xəbər verir ki, bu barədə deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.

O qeyd edib ki, Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir: “Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.

Qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır.

Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir.

Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir.

Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun fəaliyyəti dayandırılsın”.

Məsələyə digər deputat Tural Gəncəliyev də münasibət bildirib: “Bir neçə gün bundan öncə Belçika və Niderland tərəfindən Azərbaycan əleyhinə qərəzli sənəd qəbul edilib. Bu, regionda baş veren sülh prosesinə ciddi qəsddir.

Biz bu qətnamələri qətiyyətlə rədd edirik. Həmin qətnamədə bir cümlə belə Azərbaycanın humanitar jesti, Ermənistana göndərilən humanitar yardımlar, regiondakı müsbət hadisələr öz əksini tapmayıb. İnsan hüquqlarından ən çox danışanların özü elə ən çox insan hüquqlarını pozanlar olur. Niderland və Belçika Afrikada insan hüquqlarını pozur, Konqo xalqını istismar edir, amma indi demokratiyadan danışırlar”.//Qafqazinfo

Избранный
8
1
busaat.az

2Источники