RU

Azərbaycan ərazisində qədim şəhərsalma ənənələri

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə şəhərsalma siyasətinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Bu təşəbbüs müvafiq sahədə həm proseslərin inkişafına, həm də Azərbaycanın qədim şəhərsalma ənənələrinin elmi əsaslarla öyrənilməsi və təbliğinə yeni imkanlar yaradır.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə AZƏRTAC-a bildirib ki, arxeoloji materiallar əsasında aparılan tədqiqatlar Azərbaycan ərazisində qədim şəhərsalma ənənələrinin kompleks şəkildə öyrənilməsinə imkan verir. Onun sözlərinə görə, şəhərsalma yalnız memarlıq və tikinti fəaliyyəti deyil, həm də dövlətçilik ənənələri, sosial münasibətlər və mədəni identikliklə sıx bağlı çoxşaxəli sistemdir.

Alim qeyd edib ki, Azərbaycan ərazisində şəhərsalma ənənələrinin rüşeymi Paleolit dövrünə gedib çıxır. Həmin dövrdə sabit yaşayış məskənləri olmasa da, insanların məkan seçimi təhlükəsizlik, su mənbələrinə yaxınlıq və təbii resursların mövcudluğu kimi prinsiplərə əsaslanırdı. Ocaq ətrafında formalaşan sosial məkan isə gələcək yaşayış strukturlarının ilkin nümunəsi hesab olunur.

Neolit və Xalkolit dövrlərində artıq sabit yaşayış məskənləri formalaşmağa başlayıb. Arxeoloji tədqiqatlar göstərir ki, həmin dövrlərə aid yüzlərlə yaşayış yeri mövcud olub və onların əksəriyyəti erkən əkinçi-maldar tayfalarla bağlıdır. Məskənlərin yerləşməsi münbit torpaqlar, su mənbələri və əlverişli iqlim şəraiti ilə müəyyən edilib ki, bu da gələcək şəhərsalmada “lokasiya seçimi” prinsipinin ilkin forması kimi qiymətləndirilir.

Bu mərhələdə yaşayış məskənlərinin daxili quruluşunda da müəyyən təşkilatlanma müşahidə olunur. Qazıntılar zamanı aşkar edilən ocaq yerləri, təsərrüfat quyuları və istehsal sahələri göstərir ki, məskən daxilində həyat funksional bölgüyə əsaslanıb. Dairəvi və düzplanlı tikililərin yanaşı mövcudluğu isə tikinti texnologiyasının inkişafını və sosial-iqtisadi münasibətlərin mürəkkəbləşməsini əks etdirir.

Tunc dövrü isə Azərbaycan ərazisində yaşayış məskənlərinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi səciyyələnir. Bu dövrdə məskənlər təsərrüfat vahidlərindən daha mürəkkəb sosial-iqtisadi struktura malik yaşayış mərkəzlərinə çevrilib. Əkinçilik və maldarlığın inkişafı, sənətkarlığın ixtisaslaşması və əmək bölgüsünün dərinləşməsi məskənlərin böyüməsinə və planlı şəkildə təşkilinə şərait yaradıb.

Araşdırmalar göstərir ki, həmin dövrdə yaşayış yerlərində müdafiə elementləri meydana çıxıb, qala divarları və istehkam qurğuları inşa olunub. Məskənlərin təpəlik və dağətəyi ərazilərdə yerləşdirilməsi və relyefdən müdafiə məqsədilə istifadə olunması təhlükəsizlik amilinin əhəmiyyətini artırıb. Bu xüsusiyyətlər yaşayış yerlərinin protoşəhər xarakteri daşıdığını təsdiqləyir.

II Kültəpə, Oğlanqala və Üzərliktəpə kimi yaşayış yerlərində planlı tikinti, müdafiə sistemləri və sənətkarlıq məhəllələrinin mövcudluğu müşahidə olunur. Bu məskənlərdə yaşayış sahələri ilə təsərrüfat zonalarının ayrılması, tikililərin müəyyən qaydada yerləşdirilməsi və istehsal fəaliyyətinin təşkili şəhərsalmanın ilkin prinsiplərinin formalaşdığını göstərir.

Избранный
18
1
azertag.az

2Источники