RU

“Rusiya-Ukrayna müharibəsi hazırda dalana dirənmiş vəziyyətdədir” - ŞƏRH EDİLDİ

“Rusiya ilə Ukrayna arasında hazırda müharibə davam edir, lakin cəbhədə hər hansı tərəfin ciddi irəliləyişləri müşahidə olunmur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya geniş miqyaslı raket hücumları həyata keçirir:

“Eyni zamanda Ukrayna da Rusiyanın neft emalı zavodlarını hədəf alır.

Göründüyü kimi, danışıqlar prosesi dayanıb. Amma Ukrayna tərəfi çalışır ki, bu proses yenidən bərpa olunsun. Xüsusilə Türkiyədə liderlərin görüşünün keçirilməsi ilə bağlı təşəbbüslər var və Volodimir Zelenski ilə Vladimir Putin arasında bu məsələlərin müzakirə oluna biləcəyi ehtimal edilir.

Həmçinin ABŞ-da Ukraynaya hərbi yardım məsələsi müzakirə olunur, Avropa ölkələri də böyük ölçüdə Ukraynanın yanında qalmaqda davam edir. Hesab edirəm ki, hazırda Rusiya-Ukrayna arasında diplomatik danışıqlar dayansa da, dövlətlərarası müəyyən əlaqələr yenə də mövcuddur.

Digər tərəfdən, Macarıstanda keçirilən seçkilərdən sonra yeni hakimiyyətin Rusiyadan daha çox neft tədarükü ilə bağlı addımlar ata biləcəyi gözlənilir və bu prosesin aprel ayının sonuna qədər aktivləşməsi mümkündür. Bu da müəyyən mənada Rusiya-Ukrayna münasibətlərində nisbi yumşalma yarada və danışıqlar üçün zəmin formalaşdıra bilər.

Hesab edirəm ki, bu müharibənin ilin sonuna qədər həll olunması real görünmür. Çünki böyük dövlətlərin diqqəti daha çox İran məsələsinə yönəlib. Rusiya-Ukrayna müharibəsi hazırda dalana dirənmiş vəziyyətdədir və Donbas məsələsi Ukrayna üçün qətiyyən qəbulolunan deyil. Rusiya isə bu əraziləri geri qaytarmaq niyyətində deyil və bunu danışıqlar mövzusu kimi də görmür.

Ümumilikdə, Ukrayna ərazi güzəştlərinə getməkdən tam imtina edib. Rusiya isə tələb edir ki, Ukrayna Donbasdan tam geri çəkilsin və həmin əraziləri təhvil versin. Bu, Moskvanın əsas şərtlərindən biridir. Amma Ukrayna buna razılaşmayacaq. Çünki Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələr bu məsələdə Ukraynanı dəstəkləyir”.

Müəllif: Arzu Qurbanlı
Избранный
13
sia.az

1Источники