ABŞ ilə İran arasındakı münaqişə təkcə Amerika vətəndaşlarının büdcəsinə deyil, xüsusilə qlobal cənub ölkələrinə daha ağır təsir göstərir.
HİT.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazır.
Bildirilir ki, Vaşinqton ilə Tehran arasındakı qarşıdurma ABŞ iqtisadiyyatına mənfi təsir edib. Ölkədə yanacaq qiymətləri üçdə birindən çox artıb, iqtisadçılar isə inflyasiyanın sürətlənəcəyini və iqtisadi artımın zəifləyəcəyini proqnozlaşdırırlar.
Bununla yanaşı, nəşrin qeyd etdiyinə görə, ABŞ-da müharibəyə qarşı etirazlar azdır. Bu, qismən amerikalıların böyük hissəsinin münaqişəni yaxından izləməməsi, qismən isə ölkənin bir sıra üstünlüklərlə müharibəyə daxil olması ilə izah olunur: ABŞ dünyanın ən böyük neft və təbii qaz istehsalçısına çevrilib, fond bazarı süni intellekt ətrafındakı bumla dəstəklənir və ölkənin güclü valyutası var.
Digər ölkələr üçün isə vəziyyət daha ağırdır. Dünyanın əksər dövlətləri enerji idxalçısıdır və qiymət artımları onlara daha ciddi təsir göstərir. Nəşr qlobal cənubun altı ölkəsində aparılan sorğuya istinadən bildirir ki, respondentlərin 70 faizi yaşayış xərclərinin artmasından ciddi narahatdır.
Enerji resurslarının 80 faizini Fars körfəzindən idxal edən Pakistan artıq bunun təsirlərini hiss edib. Benzin və dizel qiymətlərinin rekord artımından sonra hökumət dövlət qurumları üçün dörd günlük iş həftəsi tətbiq edib, federal qulluqçuların yarısını məsafədən işləməyə keçirib, məktəbləri iki həftəlik bağlayıb və nazirlərdən iki ay maaş almamağı xahiş edib.
Bu fonda İslamabad borc ödənişləri və Beynəlxalq Valyuta Fondu qarşısındakı öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdiyinə görə Səudiyyə Ərəbistanından 3 milyard dollar maliyyə yardımı istəyib.
Enerjinin 95 faizini idxal edən Banqladeşdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub, universitetlər bağlanıb, ticarət mərkəzlərinin iş saatları azaldılıb, məişət qazının qiyməti isə münaqişə başlayandan bəri demək olar ki, iki dəfə artıb.
Şri-Lanka da dörd günlük iş həftəsinə keçib. Nepalda nəqliyyat tətili düyü və tərəvəz qiymətlərinin artmasına səbəb olub. Özünü “dünyanın ən xoşbəxt ölkəsi” adlandıran Butanda isə yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
Daha böyük iqtisadi imkanlara malik Hindistan da zərər görüb. Hökumət qiymətləri sabit saxlamaq üçün yanacağa vergiləri azaltsa da, 1,4 milyard əhali münaqişənin təsirlərini hiss edir. Enerji çatışmazlığı ölkə üzrə restoranların fəaliyyətini zəiflədib, fond bazarı indeksi isə artıq 8 faiz geriləyib.
Bundan əlavə, Hindistan gübrənin təxminən dörddə birini Yaxın Şərqdən idxal edir ki, bu da ərzaq təhlükəsizliyi üçün risk yaradır.
Oxşar vəziyyət Asiyanın digər ölkələrində də müşahidə olunur. Filippin enerji sektorunda fövqəladə vəziyyət elan edib. Tailand dövlət qulluqçularını məsafədən işləməyə keçirib və elektrik enerjisinə qənaət etməyə çağırıb. Vyetnam isə aviasiya yanacağının bahalaşması səbəbindən uçuş marşrutlarını azaldır.
Daha varlı iqtisadiyyatlar da bu təsirlərdən sığortalanmayıb. Almaniya kansleri 1,9 milyard dollarlıq yanacaq subsidiyası paketi elan edib və uzunmüddətli təsirlər barədə xəbərdarlıq edib. Avropa Mərkəzi Bankı inflyasiya proqnozunu yenidən nəzərdən keçirib və avrozonada iqtisadi artım gözləntilərini azaldıb.
“Foreign Policy” xatırladır ki, Avropa Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranmış enerji şokunun təsirlərindən hələ də tam çıxmayıb və indi qaz qiymətlərinin 70 faizdən çox artması ilə yeni zərbə alır.
Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artımın 2 faizə qədər enə biləcəyi ssenarini istisna etmir. Fondun məlumatına görə, 1980-ci ildən bəri bu hal cəmi dörd dəfə baş verib.
Harvard Universitetinin iqtisadçısı Linda Bilmesin hesablamalarına görə, Yaxın Şərqdəki münaqişə amerikalı vergi ödəyicilərinə 1 trilyon dollara başa gələ bilər. Bu arada Ağ ev artıq növbəti il üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi istəyir ki, bu da xərclərin 40 faiz artırılması deməkdir.
Samir