RU

Moody’s Ratings PAŞA Bank-a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib

Beynəlxalq reytinq agentliyi Moody’s Ratings PAŞA Bank-ın fəaliyyətini qiymətləndirərək Bankın uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini “Ba2” səviyyəsində və reytinq üzrə proqnozu isə “müsbət” olaraq müəyyən edib.

Agentliyin qiymətləndirməsinə əsasən, ölkənin ən böyük üç bankından biri olan PAŞA Bank kredit və depozit bazarında mühüm mövqeyə malikdir. Bankın “ba3” səviyyəli kredit dayanıqlığı (BCA) güclü kapital mövqeyi, adekvat gəlirlilik və yüksək likvidlik göstəriciləri ilə dəstəklənir.

Moody’s eyni zamanda Bankın gələcək perspektivləri ilə bağlı müsbət gözləntilərini qeyd edib. Kapitalın yüksək səviyyədə qorunması, güclü likvidlik göstəriciləri və sabit gəlirlilik növbəti 12–18 ay ərzində Bankın dayanıqlığını təmin edən əsas amillər kimi dəyərləndirilir.

PAŞA Bank-ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, Moody’s tərəfindən verilən qiymətləndirmə Bankın maliyyə dayanıqlığını və idarəetmə keyfiyyətini bir daha təsdiqləyir:

“Moody’s tərəfindən təsdiqlənmiş reytinqlər və təqdim edilən müsbət proqnoz maliyyə dayanıqlığımızın və inkişaf strategiyamızın beynəlxalq səviyyədə tanındığını göstərir. Bu qiymətləndirmə həm maliyyə göstəricilərimizi, həm də şəffaf, məsuliyyətli idarəetmə yanaşmamızı aydın şəkildə əks etdirir.”

Moody’s-in açıqlamasında qeyd olunur ki, Bankın kapital adekvatlığı ölkə üzrə yüksək səviyyələrdən biridir və qarşdakı dövrdə də güclü qalacağı gözlənilir. Eyni zamanda, aktiv keyfiyyətində yaxşılaşma tendensiyası müşahidə olunur ki, bu da qeyri-neft sektorunun inkişafı fonunda borcalanların ödəmə qabiliyyətinin artması ilə dəstəklənir.

Likvidlik baxımından da Bank güclü mövqeyə malikdir – likvid aktivlər ümumi aktivlərin əhəmiyyətli hissəsini təşkil edir və maliyyələşmənin əsas hissəsi müştəri depozitləri hesabına təmin olunur.

Bununla yanaşı, Standard & Poor's 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini “BB-/B” səviyyəsində “müsbət” proqnozla təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib.

Son illərdə PAŞA Bank bir sıra nüfuzlu beynəlxalq mükafatlara da layiq görülüb. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən təltif olunan Bank, o cümlədən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Избранный
1
4
banco.az

5Источники