RU

Trampla bağlı İLGİNC İDDİA

ABŞ prezidentinin sosial şəbəkələrdə vaxtından əvvəl verdiyi açıqlamaların danışıqlara zərbə vurduğu bildirilir.

Musavat.com xəbər verir ki, CNN telekanalının məlumatına görə, həftəsonuna yaxın ABŞ və İran arasında müharibəni dayandıracaq mümkün razılaşma üzrə danışıqlarda ciddi irəliləyiş var idi. Lakin prezident Donald Trampın ictimai açıqlamaları prosesi təhlükə altına salıb.

Məqalədə bildirilir ki, Tramp danışıqlar paralelində sosial şəbəkələrdə proses barədə paylaşım edir, jurnalistlərlə telefonla danışır və İrandan gələn son məlumatları Pakistan vasitəçilərindən alıb.

ABŞ prezidenti bəyan etmişdi ki, İran bir sıra şərtlərlə razılaşıb. CNN-in mənbələrinə görə isə həmin məsələlərin bir hissəsi hələ yekun razılaşdırılmamışdı.

Tramp həmçinin Tehran rəhbərliyinin Vaşinqtonun ən sərt tələblərini, o cümlədən zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini qəbul etdiyini iddia etmiş və müharibənin tezliklə bitəcəyini açıqlamışdı.

CNN yazır ki, Ağ Evdəki bəzi rəsmilər prezidentin bu çıxışlarının danışıqlara zərər vurduğunu etiraf ediblər. Onların sözlərinə görə, proses son dərəcə həssas olub və İran tərəfinin ABŞ-a dərin etimadsızlığı nəzərə alınmalı idi.

Vəziyyəti mürəkkəbləşdirən digər amil isə İran daxilində mümkün fikir ayrılığıdır. ABŞ rəsmiləri hesab edir ki, danışıqlar heyəti – parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin təmsil olunduğu qrup – ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında mövqe fərqləri mövcuddur.

Bu isə yekun sazişi kimin imzalamaq səlahiyyətinə malik olduğu barədə suallar yaradır.

CNN-ə danışan mənbələrdən biri bildirib:

“İranlılar ABŞ prezidentinin sosial şəbəkələr üzərindən danışıqlar aparmasını yaxşı qarşılamadı. Bu, sanki onlar hələ razılaşmadıqları məsələləri qəbul etmiş kimi görüntü yaratdı”.

Mənbənin sözlərinə görə, Tehran xüsusilə daxili auditoriya qarşısında zəif görünməkdən narahat idi.

Beləliklə, CNN-in təhlilinə görə, Trampın daxili siyasi auditoriyaya hesablanan erkən bəyanatları Vaşinqtonla Tehran arasında kövrək diplomatik prosesi poza biləcək risk yaradıb.

Musavat.com

Избранный
17
musavat.com

1Источники