RU

İqlimin “səssiz qatili”: Müharibə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Müharibələrin iqlimə təsirini daha dərindən təhlil etmək üçün məsələyə geofiziki, kimyəvi və sosio-ekoloji faktorların vəhdəti kimi baxmaq lazımdır. Münaqişələr təkcə birbaşa emissiya mənbəyi deyil, həm də Yer kürəsinin özünü tənzimləmə mexanizmlərini zədələyən bir faktordur. Müharibə zonalarında atmosferin tərkibi kəskin şəkildə dəyişir. Bu, yağıntıların həm miqdarına, həm də keyfiyyətinə təsir edir”.

Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib: “Partlayışlar və irimiqyaslı yanğınlar havaya külli miqdarda his və kükürd hissəcikləri yayır. Bu hissəciklər bulud damcılarının ətrafında toplandığı “kondensasiya nüvələri” rolunu oynayır. Nəticədə, bəzi bölgələrdə qəfil və dağıdıcı “leysan yağışları” baş verir, çünki atmosfer normaldan daha sürətli kondensasiya olunur. Sursatların yanması və kimyəvi zavodların dağılması nəticəsində atmosferə azot oksidi (NO_x) və kükürd dioksid (SO_2) atılır. Bu qazlar su buxarı ilə reaksiyaya girərək turşulu yağışlar əmələ gətirir. Turşulu yağışlar isə meşələri məhv edərək regionun rütubət dövranını (evapotranspirasiya) pozur”.

C.Hüseynov bildirib ki, əgər münaqişə buzlaqlara yaxın və ya şimal enliklərində baş verirsə, his buzların üzərinə çökür: “ Ağ buz günəş şüalarını əks etdirdiyi halda, qara his şüaları udur. Bu, buzlaqların əriməsini sürətləndirir və regional temperaturu yüksəldir. Dağılmış şəhərlər və yandırılmış ərazilər günəş enerjisini daha çox udur ki, bu da yerli səviyyədə temperaturun 2-4°C artmasına səbəb ola bilər. Hərbi logistika üçün bəzən bataqlıqlar qurudulur. Bataqlıqlar dünyada ən böyük karbon saxlayan ekosistemlərdən biridir; onların məhvi nəhəng miqdarda metan sızmasına bərabərdir. Müharibənin iqlimə dolayısı ilə ən böyük zərbəsi maliyyə resurslarının istiqamətinin dəyişməsidir”.

İqlimşünas vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutulan milyardlarla dollar hərbi büdcələrə transfer edilir: “Müharibə təkcə insanların ölümünə səbəb olmur, həm də gələcək nəsillərin yaşamalı olduğu iqlim sistemini “zəhərləyir”. Regional səviyyədə bu, su qıtlığı, kənd təsərrüfatının iflic olması və ekstremal hava hadisələrinin (qasırğalar, quraqlıq) tezliyinin artması ilə nəticələnir”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
2
konkret.az

3Источники