RU

“Proqramda bəzi risklər və boşluqlar var” - Əhməd Abbasbəyli

Dövlət proqramı gənclər üçün yeni imkanlar yaratsa da, onun icrasında bir sıra müzakirə doğuran məqamlar qalmaqdadır. Xüsusilə proqramın tətbiqi zamanı bəzi tələblər və mexanizmlər əlavə çətinliklər yarada bilər. Bu baxımdan mövcud yanaşmaların təkmilləşdirilməsi vacib hesab olunur.

Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az- a açıqlamasında proqramda müəyyən risklərin olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas problemlərdən biri xarici dil biliklərinin təsdiqi ilə bağlıdır. Belə ki, bəzi hallarda xaricdə və ya ölkə daxilində ingilis dilində təhsil alan şəxslərdən əlavə sertifikatların tələb olunması onların bilik və bacarıqlarına şübhə kimi qiymətləndirilə bilər.

Ekspert hesab edir ki, digər mühüm məsələ xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra işlə təmin olunmasıdır. Onun fikrincə, bu istiqamətdə müəyyən addımlar atılsa da, hələ də problemlər qalmaqdadır və daha effektiv mexanizmlərə ehtiyac var.

Ə.Abbasbəyli həmçinin qeyd edib ki, dövlət proqramı ilə təhsil alanlarla öz vəsaiti və ya xarici qrant hesabına oxuyan gənclər arasında fərq qoyulmamalıdır. Onun sözlərinə görə, bütün gənclər üçün bərabər imkanların yaradılması, seçim prosesinin şəffaf aparılması və gələcək karyera imkanlarının ədalətli bölüşdürülməsi xüsusi əhəmiyyət daşıyır.

Bundan əlavə, ekspert proqram çərçivəsində xaricə göndərilən bəzi gənclərin geri qayıtmaq öhdəliyinə tam əməl etmədiyini də diqqətə çatdırıb. Onun fikrincə, bu məsələ nəzarətdə saxlanmalı və beyin axınının qarşısını almaq üçün daha ciddi tədbirlər görülməlidir.

Zəhra Ağayeva

Избранный
22
qht.az

1Источники