51 yaşlı ukraynalı futbol mütəxəssisi Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi postundan istefa verib.
Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasına (UFA) istinadən xəbər verir.
Belə ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər.
Qurumun yaydığı məlumata görə, Rebrov 2023-cü ildə komandanı çətin pley-off mərhələsindən keçirərək Avropa çempionatına çıxarmağı bacarıb. Lakin yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsi ayrılığa səbəb olub.
UFA prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırda komanda üçün yeni qərarların qəbul edilməsi vaxtıdır.
Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi isə hələlik müəyyənləşməyib.
Xatırladaq ki, Sergey Rebrov 2023-cü ilin yayından Ukrayna yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 34 oyuna çıxarıb. Ukraynalılar bu görüşlərdə 16 qələbə qazanıblar, 8 heç-heçə ediblər, 10 məğlubiyyətə üzülüblər.
