Texnologiya nəhəngi Apple rəhbərliyində mühüm dəyişiklik elan edib. Şirkətə 15 ildir rəhbərlik edən Tim Kuk vəzifəsini tərk edəcək və onun yerinə Con Ternus Baş İcraçı Direktor (CEO) təyin olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, qərara əsasən, Con Ternus 1 sentyabr tarixindən etibarən rəsmi olaraq CEO vəzifəsinə başlayacaq. Hazırkı rəhbər Tim Kuk isə idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirəcək və keçid dövründə yeni rəhbərlə birgə işləyəcək.
Tim Kuk 2011-ci ildə Steve Jobs-ın səhhətinə görə istefa verməsindən sonra rəhbərliyi qəbul etmişdi. Onun dövründə Apple böyük maliyyə artımı yaşayıb və şirkətin bazar dəyəri 4 trilyon dollara qədər yüksəlib.
Yeni CEO Con Ternus uzun illər Apple-da aparat mühəndisliyi sahəsinə rəhbərlik edib. O, iPhone, iPad və Apple Watch kimi əsas məhsulların inkişafında iştirak edib və Apple Silicon keçidini idarə edən mühüm şəxslərdən biri olub.
Ternusun mühəndislik təcrübəsi şirkəti daha çox “hardware innovasiyası”na yönəldə bilər. Bu isə qatlanan cihazlar, geyilə bilən texnologiyalar və süni intellektin cihazlara inteqrasiyası kimi sahələrdə yeni mərhələ deməkdir.
Apple uzun illərdir iPhone satışlarından ciddi asılıdır. Yeni rəhbərliyin əsas sınağı şirkəti bu asılılıqdan çıxaracaq yeni inqilabi məhsullar yaratmaq olacaq.
Eyni zamanda, süni intellekt strategiyasının daha aqressiv və eksperimental olub-olmayacağı da yaxın illərdə aydınlaşacaq.
Piranə Xasiyeva