Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda almaniyalı Elena Bruqqeri məğlub edib.
Digər qadın güləşçi Elnurə Məmmədova isə (50 kiloqram) təsnifat mərhələsində polşalı Aqata Valerzakaya uduzub.
Bu gün, həmçinin yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.