RU

Allahverdi Bağırov olmaq çox çətin idi...

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yaşasaydı, 80 illik yubileyi olacaqdı. Ancaq kim idi onu 80 yaşa çatmağa qoyan...Hər an ölümlə üz-üzə, göz-gözə yaşayırdı. Öz gözümün şahidiyəm. Çünki mən hərbi müxbir kimi onu döyüşə gedəndə də, döyüşəndə də, döyüşdən dönəndə də görmüşdüm. Mən Allahverdi Bağırovu tanıyırdım. Cəmi 46 il yaşaya bildi. Döyüş bölgəsindən içində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid oldu.

Milli Qəhrəman Allahverdi Bağırov o dövrdə - Qarabağ müharibəsinin birinci fazasında ən məşhur, nüfuzlu komandirlərdən biri idi. O civarda Ağdamın, bütövlükdə Qarabağın müdafiəsinin təşkilində Allahverdi Bağırovun şəksiz böyük xidməti var idi. Ona görə də erməni-rus birliyi onu aradan götürdü. Mən şəxsən belə düşünürəm, belə bilirəm.

Çünki əvvəl qardaşı, Ali Sovetin deputatı olmuş Eldar Bağırovu aradan götürdülər. Mən Eldar Bağırovun qətlini eynilə 1998-ci ildə Ziya Bünyadovun, 2005-ci ildə Elmar Hüseynovun qətlinə bənzədirım. Hər biri öz evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilmişdi. Eləcə də, Afiyəddin Cəlilov və Şəmsi Rəhimov.

Bu qətllərdə eyni üslub hiss olunurdu; xüsusi təşkil olunmuş peşəkar terror əməlləri idi.

Eldar Bağırovu da tanıyırdım. Allahverdi Bağırovun kiçik qardaşı idi. Onun qətli Allahverdi Bağırovu cəzalandırmağa, çəkindirməyə hesablanmışdı. Çünki Allahverdi Bağırov o zaman İrəvanın da, Moskvanın da, elə Tehranın da Qarabağa, bütövlükdə Azərbaycana dair planlarını pozanlardan idi. Əliyar Əliyev kimi, Ramiz Qəmbərov kimi, Mobil Yusifov kimi...

Ona görə də Sovet-rus hərbi kəşfiyyatı müharibədə nüfuzlu və əyilməz Azərbaycanlı hərbi liderləri bir-bir aradan götürürdü. Bir qismini qətlə yetirdi, bir qismini ordudan kənarlaşdırmağa, yaxud həbs etdirməyə nail ola bildi. Azərbaycanı müharibədə uduzdurmaq üçün bütün bunları etdi. O cümlədən, Qarakənd səmasında helikopterin vurulması - Azərbaycanın dövlət, hökumət rəsmilərinin toplu qətli də bu məqsədlə həyata keçirilmiş terror idi. Daha sonra isə Allahverdi Bağırovun öldürülməsi.

1992-ci il iyunun 12-də Allahverdi Bağırov döyüş mövqeyindən işlə bağlı Ağdama geri çağırılarkən, Naxçıvanlı kəndi istiqamətində minaya düşür (diqqət edin: gedəndə yox, qayıdanda!). İki gün sonra isə elə həmin kənd istiqamətində telejurnalist Çingiz Mustafayev vurulur.

Bütün bunlar o zaman idi ki, Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatlarına başlamışdı. Ancaq Azərbaycanın siyasi və hərbi rəhbərliyində keçmişdən qalma xəyanət şəbəkəsi bu əməliyyatlara hər vəhclə mane olmağa çalışırdılar. Allahverdi Bağırova qarşı terrorun səbəbini də mən bunda görürəm.

Allahverdi Bağırovun da, Çingiz Mustafayevin də qətlə yetirilməsində maraqlı olanlar həm ölkə daxilində, həm də ölkə xaricində olan xəyanət şəbəkəsi olub; buna əminəm.

Baxın, indiki hadisələr - ətrafımızdakı müharibələr fonunda baş verənlərə diqqətlə baxın. Kimin hansı xarici mərkəzə işlədiyini, yaxud ən azı simpatiya bəslədiyini görəcəksiniz. Sadəcə, sosial şəbəkələri izləmək bəs edir.

Bu, hələ indi belədir. İndi 1990-cı illəri - Azərbaucanın yenicə müstəqillik qazandığını, hələ zəif olduğunu, ölkənin siyasi və hərbi rəhbərliyində - yuxarıdan aşağı bütün səviyyələrdə keçmiş müstəmləkəçiyə işləyən şəbəkəni təsəvvür edin.

Elə təkcə onu yada salın ki, Rusiya hərbi kəşfiyyatının öz dövründə baş nökəri Surət Hüseynov hərbi qiyam qaldıranda, onun görüşünə gedib, təşəkkür və dəstək əlaməti olaraq, qiyamçıya "Quran" kitabı bağışlayan hansı ölkənin səfiri idi. Bu, həmin Surət Hüseynov idi ki, döyüşən hərbi hissələrin böyük bir hissəsini ön cəbhədən çıxarıb, hücum əməliyyatlarını pozdu, Ağdamın, Füzulinin başqa bölgələrin müdafiəsini zəiflətdi. Hətta Füzulidə Azərbaycan ordusunun mövqelərini qəsdən bombalatmışdı. Təsəvvür edin: müdafiə nazirləri - Rəhim Qazıyev, Dadaş Rzayev, eləcə də, baş qərargah rəisi Şahin Musayev və başqaları Moskvadan gələn əmrlərlə hərəkət edirdilər. Bu siyahını uzatmaq da olar. Belə bir şəraitdə Allahverdi Bağırov olmaq, bütün təkliflərə və təhdidlərə baxmayaraq, özünə, xalqına, torpağına sadiq qalmaq necə şərəfli idi və həyatda qalmaq necə çətin idi, özünüz düşünün.

Odur ki, Allahverdi Bağırov hələ sağlığında - o yüksək adı almazdan əvvəl xalqın gözündə təbii milli qəhrəman idi. Bu gün də həm rəsmi təltif əsasında, həm millət sevgisi ilə əsl milli qəhrəmandır.

Ruhu şad, məkanı cənnət olsun!

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
bizimyol.info

1Источники