RU

Neftdən kənar yüksəliş: Azərbaycanın iqtisadi modelində dəyişiklik

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Son illərdə Azərbaycan iqtisadiyyatında diqqət çəkən əsas məqamlardan biri qeyri-neft sektorunun genişlənməsi ilə bağlıdır.

Beynəlxalq enerji bazarlarında dalğalanmaların artdığı, geosiyasi risklərin dərinləşdiyi bir dövrdə bu tendensiya artıq yalnız iqtisadi deyil, həm də strateji xarakter daşıyır. Xüsusilə Rusiya-Ukrayna və Yaxın Şərqdə İran, İsrail və ABŞ müharibəsi beynəlxalq iqtisadi sistemdə yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar isə Azərbaycan kimi tranzit və enerji ölkələri üçün yeni imkanlar yaradıb.

Ölkə daxilində qeyri-neft sektorunda artım artıq müşahidə olunan faktdır. 2025-ci ildə ÜDM 129 milyard manatı keçib və iqtisadi artım 1,4% səviyyəsindədir. Bu artımın da əsas hissəsi qeyri-neft sektorunun payına düşüb.

Qeyri-neft sektorunda əlavə dəyər 2,7% artdığı halda, neft-qaz sektorunda 1,6% azalma müşahidə olunub. Bu dinamika göstərir ki, iqtisadiyyatın “ağırlıq mərkəzi” tədricən dəyişməkdədir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyri-neft sektorunun ÜDM-də payı artıq iqtisadiyyatın mühüm hissəsini təşkil edir və 57 milyard manatdan çoxdur. Eyni zamanda bu sektora yönələn investisiyaların 8 milyard manatı keçməsi və təxminən 8%-lik artım tempinin qeydə alınması dövlətin iqtisadi prioritetlərində dəyişiklik olduğunu göstərir. Büdcə gəlirlərində də oxşar dinamika müşahidə olunur və qeyri-neft sektorundan daxilolmalar son illərdə əhəmiyyətli şəkildə artaraq fiskal dayanıqlılığın güclənməsinə töhfə verir.

Lakin bu artım yalnız daxili siyasətin nəticəsi deyil, eyni zamanda qlobal geosiyasi dəyişikliklər də bu prosesə ciddi təsir göstərir. Xüsusilə Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropa üçün enerji və logistika marşrutlarını yenidən formalaşdırıb. Bu isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırıb. Avropanın alternativ enerji və tranzit mənbələrinə ehtiyacı fonunda Azərbaycan həm enerji ixracatçısı, həm də tranzit qovşaq kimi daha çox ön plana çıxıb.

İqtisadçının fikrincə, bu situasiyada Çin ilə Avropa arasında inkişaf edən Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Qlobal ticarət marşrutlarının diversifikasiyası nəticəsində Azərbaycan üzərindən keçən yük daşımalarının artması nəqliyyat, logistika və xidmət sektorlarının inkişafına birbaşa təkan verir. Bu isə qeyri-neft sektorunun genişlənməsi üçün real iqtisadi baza yaradır: “Bununla yanaşı, qlobal iqtisadi bloklaşma və ticarət zəncirlərinin parçalanması da yeni imkanlar yaradır. Şirkətlər və ölkələr tədarük zəncirlərini daha təhlükəsiz və alternativ marşrutlara yönəltməyə çalışır. Bu prosesdə Azərbaycan regional logistika mərkəzi kimi çıxış etmək potensialına malikdir. Həmçinin qlobal iqtisadi qeyri-müəyyənlik investisiya və ticarət axınlarında dalğalanmalar yaratsa da, ölkənin tranzit mövqeyi və regional nəqliyyat layihələrində artan rolu qeyri-neft sektoruna əlavə dinamika verir".

Ekspert deyir ki, ümumilikdə, qlobal və regional geosiyasi proseslər qısa müddətdə müəyyən risklər yaratsa da, Azərbaycanın iqtisadi rolunu gücləndirən əlavə imkanlar da yaradır. Onun fikrincə, bu baxımdan əsas məsələ artım faktının özündən daha çox, onun keyfiyyətinin yüksəldilməsi və davamlı iqtisadi transformasiyaya çevrilməsidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
44
bizimyol.info

10Источники