RU

“Pərvanəlik” - Pərvanə Bayramqızı yazır

Hərdən ürəyimdən musiqi bəstələmək keçir, elə musiqi ki, bütün insanların zümzüməsinin əvəzi olsun, hərdən elə şeir yazmaq istəyirəm ki, şairlərin himninə çevrilsin. Kaş ki elə hekayə yazaydım, əfsanəyə dönəydi. 

Bir də hərdən hamı olmaq istəyirəm, bütün mənfi cəhətləri özümə yığıb saf-çürük edim: "bunlar nəyə lazımdır" deyərək hamısını atım getsin. Həyatda yalnız yaxşılıq qalsın.

Dostum varmı, bilmirəm. Kimə dostam, onu da bilmirəm. Bircə onu bilirəm ki, mənim özüm kimi, hətta özümdən də çox istədiyim adamlar var. Onların könüllərinin şad olması üçün özümün istəmədiyim şeyləri etmişəm, edərəm. Mümkün olsa, ömrümü də onların ömürlərinə calayaram. Uğurlarına öz uğurlarım qədər, yenə də hətta ondan da çox sevindiklərim var. (Bu cür hissin mövcudluğuna yalnız bu cür hissdən məhrum olanlar inanmazlar. İnsanlarda "özünü sevməyən heç kəsi sevməz" fikri var, mənim üçün bu, qəbuledilməzdir. Özünü hamıdan çox istəyənlərin eqosu, təkəbbürü başqalarını ən yaxşı halda məyus edir, qalan fəsadlarsa öz yerində.) Hə, dostum yoxdur, heç kəsə dost deyiləm, amma bu cürəm. Bu, heç doğmalıq da deyil. Nədirsə adını qoya bilmirəm. Divanəliyə yaxın bir şeydir. Hə, deyəsən, adını tapdım: bu, PƏRVANƏLİKdir. 

Duyan duyur, bilən bilir.

Şifonerin qapısını açanda çoxdan geyinmədiyim paltarlardan hansısa yerə düşsə, fikrimdə başqa geyim olsa da, yerə düşdüyünə görə yazığım gəlib könlünü almaq üçün onu geyinirəm. Rumi nə demiş? – Könül almağı bilməyənə ömür əmanət edilməz. Geyimə həssas yanaşan insanlar üçün neynəməz?

Hərə bir cür xoşbəxt olur, mən də xoşbəxt adamlar görəndə xoşbəxt oluram. Hamının sevincindən özümə pay götürürəm, özləri verməsələr də xəlvətcə götürüb aradan çıxıram. Biri layiq olduğu uğuru qazananda dərindən nəfəs alıram, sanki illərlə arzuladığım məqama çatmışam.

 Adamlar xarici ölkələrdə istirahət edərkən şəkil paylaşanda üzüm gülür. Sevinirəm ki, kimsə istəyinə çatıb, kimsə həyatından məmnundur və kimsə sevincini dostlarla bölüşür. Getdiyi yerlərdən foto paylaşanlara acıqlananları anlamıram, görəsən, bu, onları nə üçün  qıcıqlandırır? (Kimsə maddi vəziyyətini reklam edib imkanı olmayana bədbəxt kimi baxırsa, bu ayrı mövzudu.)Başqa mənalarda heç kəsin həyat tərzinə maraq göstərmədiyim halda məmnun yaşayanların sayının artmağı ilə maraqlanıram. İstəyirəm, hamının sürdüyü ömür ürəyincə olsun, ətrafımda kədərli adam olmasın, mən də həmişə bunlara görə sevinim,  qayğısız yaşayım.

Gözqamaşdırıcı heç nə məni şöhrətə həvəsləndirmir. Tapşırıqla yüksələnlərin mükafatlarına paxıllıq hissim oyanmır. Ədəbsizin də nailiyyətinə şad olmağı bacarıram, əgər uğurlarına istedadı ilə nail olubsa, alqışlayıram. Əksinədirsə ... dərin təəssüf hissi keçirirəm.

Mənə pisliyi keçəni düşmən saymıram, mənim üçün pis də, düşmən də cəmiyyətimizə, gələcəyimizə zərərli olan, zərbə vuran, başqalarının paxıllığını çəkənlərdir. 

Çətin adamlara qarşı dözümlüyəm, hər şeydən inciyib küsmürəm, elə ki, incidim, həmin dözüm küsülülükdə də özünü göstərir.

Bunu da etiraf kimi qəbul edin. 

Heç kəs mənə rəqib gözüylə baxmasın, rəqabət aparılası deyiləm. Rəqibimin uduzduğunu görəndə təslim olan adamam.

Qəlbində bu cür hisslər daşıyanlar yəqin ki, məni də öz sıralarına qatdılar.

Избранный
16
1
adalet.az

2Источники