RU

Hesabat: Dünyada reallaşdırılan hər on enerji layihəsindən yeddisi təmiz mənbələrə əsaslanır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 aprel, AZƏRTAC

Qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə və enerji təchizatı təhlükəsizliyi məqsədlərinə çatmaq çərçivəsində bərpaolunan və nüvə enerji mənbələrinə əsaslanan layihələr getdikcə daha çox əhəmiyyət kəsb edir. Aşağıkarbonlu təmiz enerji mənbələri bir çox ölkənin enerji siyasətində strateji prioritetə çevrilir və bu sahələrə investisiyalar artır.

AZƏRTAC beynəlxalq qeyri-hökumət təşkilatı “Global Energy Monitor” tərəfindən təqdim edilən hesabata istinadla xəbər verir ki, hazırda qlobal quraşdırılmış enerji tutumu təxminən 8573 giqavat gücündədir. Neft və təbii qaz elektrik stansiyaları 2233 giqavat quraşdırılmış tutumla birinci, kömür 2203 giqavat ilə ikinci və su elektrik stansiyaları 1279 giqavat ilə sonrakı yeri tutur. Quraşdırılmış tutum daxilində Günəş enerjisi 1197 giqavat, külək enerjisi 1129 giqavat, nüvə enerjisi 401 giqavat, bioenerji 115 giqavat və geotermal enerji 16 giqavat təşkil edir.

Dünya üzrə 1639 giqavat tutumlu enerji layihələrinin tikintisi davam edir. Tikinti mərhələsində olan layihələrin təxminən 72 faizi təmiz mənbələrə əsaslanır. Ümumi 1175 giqavatlıq təmiz enerji layihələrindən 444 giqavatı Günəş, 326 giqavatı su elektrik stansiyası, 314 giqavatı külək və 82 giqavatı nüvə enerjisi layihələrinin payına düşür.

Tikinti mərhələsində olan layihələr arasında ən aşağı tutum 7 giqavatlıq biokütlə və 2 giqavatlıq geotermal resurslarda müşahidə olunur.

Tikinti mərhələsində olan layihələrdə Asiya liderlik edir. Enerji böhranına qarşı dayanıqlığını artırmaq istəyən ölkələr iqtisadi və geosiyasi amillər tərəfindən dəstəklənən daxili və davamlı resurslara əsaslanan layihələrə üstünlük verirlər.

Planlaşdırılan təmiz enerji layihələrinin 84,5 faizi Asiyanın payına düşür. Asiya ölkələrində 993 giqavatlıq bərpaolunan və nüvə enerjisi layihələri tikilir. Yüksək enerji tələbatı olan ölkələri əhatə edən bu bölgədə tutum artımı və planlaşdırılan strateji investisiyalar regionun qlobal bərpaolunan enerji transformasiyasında liderliyini gücləndirir.

Asiyanı 63 giqavat ilə Amerika qitəsi izləyir. Avropada ümumi gücü 56 giqavat olan təmiz enerji layihələrinin tikintisi davam edir. Afrikada 55 giqavat, Okeaniyada isə 8 giqavatlıq layihələrin tikintisi davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azertag.az

2Источники