RU

Ordubadın “sarı qızılı” - limonçuluq ənənələri yaşadılır

Naxçıvan, 22 aprel, AZƏRTAC

Qədim məhəllələri, yüzillik çinarları və bərəkətli bağları ilə sehrli bir aləmi xatırladan Ordubad həm də bənzərsiz süfrə mədəniyyətinin ünvanıdır. Burada hər bir evdə qonağı təbii məhsullar, məşhur Ordubad şirniyyatları və bölgənin simvolu sayılan ətirli limon gözləyir. Qocaman çinarların kölgəsində, armudu stəkanda bir stəkan limonlu çay isə bu qədim yurdun qonaqpərvərliyini və hüzurunu tamamlamaq üçün kifayətdir.

Ordubadın iqlimi, qumsal torpağı və relyefi burada yetişən limonlara dünyada analoqu olmayan xüsusi dad və tərkib qazandırır. Uzun illərdir limonçuluqla məşğul olan Nüsnüs kənd sakini Kamal Lütfəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ordubad limonu həm dadı, həm də keyfiyyəti ilə digər bölgələrdə yetişən sortlardan kəskin fərqlənir. Bu üstünlük meyvənin yetişdiyi təbii mühitlə birbaşa bağlıdır və onu dadan hər kəs bu fərqi dərhal hiss edir.

Həmsöhbətimiz limonun sağlamlıq üçün əvəzolunmaz faydalarını vurğulayaraq qeyd edir ki, səhərlər limonlu su içmək orqanizmi toksinlərdən təmizləyir və immun sistemini gücləndirir. Bu təbii məhsul virus xəstəliklərinə qarşı müqaviməti artırmaqla yanaşı, şəkər və digər xroniki xəstəliklərin profilaktikasında da mühüm rol oynayır.

Təsərrüfatçı limonun çoxaltma üsullarından bəhs edərkən bildirir ki, bu bitkini həm çəyirdəklə, həm də qələm vasitəsilə artırmaq mümkündür. Ordubadlılar isə əsasən limonun qabığının müəyyən hissəsini qoparıb dibçəyə basdırmaqla artırırlar.

Yay aylarında limon rütubəti sevsə də, suyun miqdarı qədərində olmalıdır. İsti havalarda hər gün, lakin az miqdarda suvarma məsləhətdir. Qışda isə suvarma azaldılmalı, torpaq nəmini itirdikcə, təxminən 15-20 gündən bir su verilməlidir.

“Becərmə prosesində əsasən təbii gübrələrdən – peyindən istifadə olunur ki, bu da məhsulun daha təbii və keyfiyyətli olmasına şərait yaradır. Ümumiyyətlə, Ordubad limonunun daim alıcısı var. Şəxsən mən yetişdirdiyim məhsulları elə qapıdaca gəlib götürürlər, bazara çıxarmağa ehtiyac da qalmır", - deyə Kamal Lütfəliyev əlavə edir.

Sonra yolumuzu Naxçıvanın məşhur “57” bazarından salırıq. Satıcı Şahin Naibov bildirir ki, Ordubad limonu həm yetişdirilmə şəraiti, həm də yüksək keyfiyyəti ilə digər növ limonlardan kəskin fərqlənir və bazarda “premium” məhsul kimi qəbul olunur. Onun sözlərinə görə, bu limonun özünəməxsus mənəvi dəyəri var. Belə ki, Ordubadda ən əziz qonağa hörmət əlaməti olaraq məhz yerli limon kəsilir. İnsanlar bu limonu təkcə öz süfrələri üçün deyil, həm də dəyərli bir hədiyyə kimi alırlar.

Hazırda məhsulun bol olduğu mövsüm olmasına baxmayaraq, qiymətlər meyvənin ölçüsünə görə 2–6 manat arasında dəyişir. Tələbatın yüksək olduğu yayın sonu və payızın əvvəlində isə bir ədəd limonun qiyməti 10 manata qədər yüksəlir.

Ömrünü təbiətin mühafizəsi və təbii sərvətlərin qorunması kimi ümumbəşəri bir missiyaya həsr etmiş görkəmli alim, akademik Həsən Əliyev vurğulayırdı: “Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim “çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidaisini təşkil edir. Məhz buna görə də torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir.... Torpaq Vətən deməkdir”. Bu hikmətli sözləri öz fəaliyyətlərində rəhbər tutan zəhmətkeş Ordubad sakinləri ana torpağın qədrini bilir, onun bəxş etdiyi naz-nemətlərə sevgi ilə yanaşırlar. Əsrlərdən bəri nəsildən-nəslə ötürülən limon yetişdirmə ənənəsini yaşadan ordubadlılar bu qədim sənətlə həm bölgənin şan-şöhrətini ucaldır, həm də halal ruzi qazanırlar.

Müxbir- Nail Əsgərov

Избранный
31
1
azertag.az

2Источники