Bakı, 22 aprel, AZƏRTAC
Neft qiymətlərində mümkün dəyişikliklərin büdcə planlamasına ciddi təsiri gözlənilmir.
İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, ölkənin neft gəlirləri əsasən Dövlət Neft Fondunda (SOFAZ) formalaşır və Fonddan dövlət büdcəsinə transfertlər illik büdcə qanunu çərçivəsində əvvəlcədən təsdiqlənir.
Ekspertin sözlərinə görə, neft qiymətləri artdıqda əlavə gəlirlər birbaşa Neft Fonduna yönəlir və bu artımdan əsas faydanı məhz fond əldə edir.
“Bu mexanizm neft gəlirlərinin büdcədən kənarda daha sabit və idarəolunan şəkildə toplanmasına imkan yaradır. Bununla yanaşı, neft qiymətlərinin yüksəlməsi büdcənin neft sektorundan topladığı vergi daxilolmalarını da artırır. Bu əlavə vəsaitlər ya büdcə profisiti kimi növbəti illərə ötürülə, ya da hökumətin təxirə saldığı investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilə bilər. Neft qiymətlərinin qısa müddət ərzində – məsələn, 1-2 ay yüksək olması sosial xərclərin artırılması üçün əsas hesab edilmir. Bu səbəbdən belə dəyişikliklər xüsusi fiskal addımların atılmasını tələb etmir. Əsas nəticə ondan ibarətdir ki, qiymət artımı ehtiyatların çoxalmasına və planlaşdırılmış investisiya xərclərinin daha inamla maliyyələşdirilməsinə şərait yaradır”, - deyə Xalid Kərimli vurğulayıb.