RU

Dünya bazarında neftin qiymət artımı və Azərbaycan iqtisadiyyatına təsirləri - ŞƏRH

Bakı, 22 aprel, AZƏRTAC

Neftin real bazar qiymətinin yüksəlməsi neft hasil və ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinin artmasına səbəb olur. Azərbaycanın ixracatının təxminən 80 faizi enerji məhsullarından ibarətdir. Bu baxımdan neftin, eləcə də mavi qazın qiymətində baş verən artımlar ölkəyə daha çox valyuta daxil olmasına şərait yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov dünya bazarında enerji daşıyıcılarının qiymət artımının ölkə iqtisadiyyatına təsirini şərh edərkən bildirib. Deputat qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində bir barel neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Lakin mart ayının yekunlarına əsasən aylıq orta qiymət 100 dollar ətrafında olub. İlk rübdə də dünya bazar qiymətləri büdcədə nəzərdə tutulandan daha yüksək səviyyədə formalaşıb.

“Bu, təbii olaraq büdcə gəlirlərinə müsbət təsir göstərir və dövlət ehtiyatlarının artmasına gətirib çıxarır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, büdcədəki qiymət illik əsasda hesablanır və növbəti aylarda dünya bazarında qiymət dəyişiklikləri də büdcə gəlirlərinə birbaşa təsir göstərəcək”, - deyə Vüqar Bayramov vurğulayıb.

O əlavə edib ki, yüksək qiymətlər müsbət nəticələr versə də, Azərbaycan üçün əsas məsələ dünya bazarında sabit qiymətlərin qorunmasıdır. “Stabil qiymətlər gəlir və xərclərin daha düzgün hesablanmasına, daha dəqiq proqnozlaşdırmaya imkan yaradır. Eyni zamanda bu, neft bazarında kəskin dalğalanmaların qarşısını almağa kömək edir. Bu baxımdan regionda sülh və əməkdaşlıq, eləcə də dünya bazarında sabit qiymətlər bizim üçün daha vacibdir”, - deyə deputat bildirib.

Vüqar Bayramov qeyd edib ki, bütün hallarda neftin və qazın qiymətinin yüksək olması ölkəyə daha çox valyuta daxil olmasına və makroiqtisadi dayanıqlığın güclənməsinə imkan yaradır.

Müxbir – Pərvanə Qafarova

Избранный
58
50
azertag.az

10Источники