RU

Antidepresanları dayandırdıqdan sonra narahatedici yuxular üç həftə davam edə bilər

Antidepressantın qəbulu dayandırıldıqdan sonra yaranan parlaq və qeyri-adi yuxular yuxu fazalarının bərpası və neyromediator sisteminin yenidən qurulması ilə bağlı ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə britaniyalı psixoloq Nikita Amin “Metro” nəşrinə müsahibəsində bildirib.

Söhbət selektiv serotonin geri alış inhibitorları (SSRI) qrupuna aid geniş istifadə olunan sertralin preparatından gedir. Mütəxəssisin sözlərinə görə, bu dərmanın qəbulu zamanı beyində serotonin səviyyəsi artır və bu maddə yuxunun tənzimlənməsinə təsir göstərir.

Aminin izahına görə, serotonin ümumilikdə yuxunun normallaşmasında iştirak etsə də, onun yüksək səviyyəsi REM (sürətli göz hərəkəti) mərhələsini zəiflədə bilər. Məhz bu mərhələdə ən canlı və yaddaqalan yuxular yaranır. Buna görə də müalicə dövründə insanlar ya yuxularını daha az xatırlayır, ya da ümumiyyətlə daha az yuxu görürlər.

Mütəxəssis əlavə edib ki, preparatın dozası azaldıldıqda və ya qəbul tam dayandırıldıqda vəziyyət dəyişir. REM mərhələsi bərpa olunur və beyin bu mərhələnin “çatışmazlığını” kompensasiya etməyə başlayır. Bu isə daha intensiv, emosional və bəzən narahatedici yuxuların yaranmasına səbəb olur.

Aminin sözlərinə görə, bu proses zamanı serotonin, dopamin və noradrenalin daxil olmaqla bir neçə neyromediatorun səviyyəsi kəskin dəyişir. Beyin isə tarazlığı bərpa etməyə çalışarkən bu dəyişikliklər yuxu keyfiyyətinə təsir edir.

Mütəxəssis qeyd edir ki, belə təsirlər adətən müvəqqətidir. Ən güclü yuxu dəyişiklikləri adətən dərmanın dayandırılmasından bir neçə gün sonra başlayır və iki həftəyə qədər davam edə bilər. Ümumi vəziyyət isə üç-altı həftə ərzində tədricən normallaşır.

Samir
 

Избранный
47
hit.az

1Источники