RU

Eldar Rüstəmov: Atam üçün sənət yalnız istedad deyil, həm də zəhmət və prinsip idi

Bakı, 22 aprel, AZƏRTAC

Atam, Xalq rəssamı Cahangir Rüstəmov işində çox tələbkar və prinsipial insan idi. O, heç vaxt asan yol göstərmirdi. Həmişə deyirdi ki, işləmək və oxumaq lazımdır. Əgər nəyisə istəyirsənsə, buna yalnız öz zəhmətinlə nail olmalısan.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq rəssamı Cahangir Rüstəmovun oğlu Eldar Rüstəmov səsləndirib.

Atası ilə bağlı xatirələrini bölüşən müsahibimiz qeyd edib ki, Cahangir Rüstəmov hər zaman onun da rəssam olmasını arzulayıb: “Amma hiss edirdim ki, məndə bu sahədə kifayət qədər istedad yoxdur. Buna baxmayaraq, atam məni tez-tez müxtəlif rəssamların əsərlərinə baxmağa yönəldirdi. Orta əsr rəssamlarından tutmuş müasir sənətkarlara qədər reproduksiyalar göstərir, “buna bax, bunu analiz et” deyirdi. Bu yanaşma məndə incəsənətə sevgi formalaşdırdı. Lakin incəsənəti sevmək başqa, rəssam olmaq isə tamam fərqli məsələdir”.

Eldar Rüstəmovun sözlərinə görə, atası ona sənətin əsas prinsiplərini də aşılayıb: “Xüsusilə rənglər haqqında çox danışırdı. Məsələn, əsas rənglə yanaşı köməkçi rəngdən düzgün istifadə etməyin daha təsirli olduğunu izah edirdi”.

Sonda o, əlavə edib ki, atasının yaradıcılığı bu gün də böyük ehtiramla xatırlanır: “Onun haqqında danışan hər kəs onu böyük hörmətlə yad edir — həm yaxşı insan, həm də güclü rəssam kimi. Fikrimcə, o, Azərbaycanın tanınmış rəssamları sırasında layiqli yer tutur və həmin nəsil sənətkarlarla eyni səviyyədə qiymətləndirilə bilər”.

Müxbir - Günel Alıyeva

Избранный
57
1
azertag.az

2Источники