RU

Bakı İrəvan münasibətləri: sülhün əsas açarı yekun sazişdir”

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişə və gərginlikdən sonra regionda sülh prosesinin mərhələli şəkildə irəliləməsi son dövrlərin ən çox müzakirə olunan siyasi mövzularından birinə çevrilib. Xüsusilə son diplomatik təmaslar, razılaşdırılmış sənədlərin paraflanması və müxtəlif səviyyələrdə aparılan danışıqlar tərəflər arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Lakin ekspertlər və siyasi dairələr hesab edirlər ki, bu proses hələ yekun sülh demək deyil və onun dayanıqlı olması üçün daha ciddi hüquqi və institusional addımların atılması zəruridir.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu yekun sülh sazişinin imzalanmasını əsas və həlledici mərhələ kimi qiymətləndirərək, yalnız bundan sonra sülhün hüquqi və institusional baxımdan tam formalaşmasının mümkün olacağını bildirib. Digər tərəfdən, Milli Məclisin deputatı Ceyhun Məmmədov isə prosesin artıq təkcə siyasi dialoq çərçivəsindən çıxaraq iqtisadi əməkdaşlıq istiqamətində də müəyyən siqnallar verdiyini vurğulayıb. Onun fikrincə, qarşılıqlı əlaqələrin genişlənməsi regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Bu fərqli yanaşmalar göstərir ki, sülh prosesi yalnız siyasi qərarlarla deyil, eyni zamanda iqtisadi və hüquqi mexanizmlərlə də dəstəklənməli və mərhələli şəkildə möhkəmləndirilməlidir.

“Sülh üçün əsas mərhələ…”

Millət vəkili Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin real nəticə verməsi üçün əsas mərhələ yekun sazişin imzalanmasıdır: “Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh layihəsinin 8 avqust 2025-ci il tarixində paraflanması mühüm siyasi hadisədir. Ancaq bu, hələ sülhün tam təmin olunduğu anlamına gəlmir. Sülhün institusional mərhələyə keçməsi yalnız sülh sazişi imzalandıqdan sonra mümkün olacaq. İnstitusional sülh həm hüquqi, həm də ictimai müstəvidə formalaşan bir prosesdir. Bu baxımdan, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı iddiaların aradan qaldırılması, mümkün referendumun keçirilməsi və yekun sənədin imzalanması vacib şərtlərdir. Yalnız bundan sonra iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulması gündəmə gələ bilər”.

Millət vəkili vurğulayıb ki, prosesin hüquqi mahiyyəti ondan ibarətdir ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır: “Bu mərhələdən sonra sülhün institusional şəkildə möhkəmləndirilməsi mümkün olacaq. Hesab edirəm ki, bu, tamamilə real perspektivdir. Ermənistan tərəfi nə qədər tez bu istiqamətdə zəruri siyasi və hüquqi addımları atarsa, sülhün institusional şəkildə bərqərar olması da bir o qədər sürətlənə bilər”.

“Siyasi dialoqdan iqtisadi əməkdaşlığa”

Milli Məclisin deputatı Ceyhun Məmmədov diqqətə çatdırıb ki, son dövrlərdə baş verən proseslər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən bərpa olunduğunu göstərir:

“Bu gün müşahidə etdiyimiz reallıqlar onu deməyə əsas verir ki, tərəflər arasında əlaqələr yeni mərhələyə qədəm qoyur. Artıq ölkə rəhbərləri arasında müntəzəm təmaslar mövcuddur, eyni zamanda Xarici işlər nazirləri səviyyəsində intensiv dialoq aparılır. Bu isə qarşılıqlı münasibətlərin inkişafına xidmət edən mühüm amillərdəndir. Diqqətçəkən əsas məqamlardan biri də bu yaxınlaşmanın yalnız siyasi sahə ilə məhdudlaşmamasıdır. Artıq bu proses iqtisadi müstəvidə də özünü göstərməkdədir. Xüsusilə neft və benzin sahəsində əməkdaşlıq siqnalları, eləcə də yaxın perspektivdə Ermənistandan məhsulların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr iqtisadi əlaqələrin formalaşdığını göstərir. Əslində, bu cür təşəbbüslərə uzun müddətdir ehtiyac var idi. Bu addımlar daha əvvəl atılsaydı, regionda əməkdaşlıq mühiti daha tez formalaşa bilərdi. Sevindirici haldır ki, Ermənistan tərəfi artıq bu reallığı anlayır və bu istiqamətdə real addımlar atmağa başlayır”.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayiş etdirdiyi bu yanaşma onu göstərir ki, qarşı tərəfdə siyasi iradə formalaşır: “Azərbaycan isə bu prosesə hər zaman hazır olub və bu iradənin ortaya çıxmasını uzun müddətdir gözləyirdi. Ümumilikdə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması təşəbbüsü Azərbaycana məxsusdur. Atılan addımların əsas məqsədi də münasibətlərin daha da inkişaf etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli sülhün təmin olunmasıdır.”

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
icma.az

1Источники