RU

Bakıda taksi sürücüsünü döyərək burnunu sındıran şəxsə elektron qolbaq taxıldı

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Pənah Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İttihama görə, hadisə 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

 

Belə ki, Pənah Yusifov müştəri qismində əyləşdiyi “Nissan” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Hikmət Rəfiyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə onun təyinat nöqtəsinə gec gəlməsi və zənglərinə cavab verməməsi, habelə sürücünün irad bildirməsi olub.

 

Mübahisə zamanı tərəflər avtomobildən düşüblər. Bu zaman təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin üzərinə hücum edərək onun sifət nahiyəsinə yumruq zərbəsi endirib.

 

Hadisə nəticəsində Hikmət Rəfiyevə sol gözaltı nahiyədə qançırlı sıyrıq, burun sümüyünün minimal yerdəyişən sınığı, burun belinin və qaşarası nahiyənin əzilmiş-cırılmış yarası kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirilib.

 

Məhkəmə baxışı zamanı Pənah Yusifov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib. O, ifadəsində göstərib ki, hadisə günü taksi sifariş verib, lakin telefonunun səssiz rejimdə olması səbəbindən sürücünün zənglərini görməyib. Avtomobilə əyləşdikdən sonra Hikmətlə aralarında bu səbəbdən mübahisə yaranıb.

 

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt iki yerdə işlədiyi üçün yorğun və əsəbi vəziyyətdə olub. Onun sözlərinə görə, avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi vurmaq niyyəti olmayıb, sadəcə itələmək istəyərkən əli onun burnuna dəyib.

 

Pənah Yusifov törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı ödədiyini qeyd edib. Həmçinin bildirilib ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hazırda heç bir şikayəti və tələbi yoxdur.

 

Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında Pənah Yusifovun Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi təsdiqini tapıb.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 23 Aprel 2026, 08:15   
Избранный
82
pravda.az

1Источники