ABŞ administrasiyasının xüsusi nümayəndəsi Paolo Zampolli, geosiyasi gərginlik və təhlükəsizlik mülahizələrini əsas gətirərək, FİFA-ya 2026-cı il Dünya Çempionatında İranı İtaliya ilə əvəzləməyi təklif edib.
Hakimiyyet.az -ın "Financial Times" nəşrinə istinadən məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Ciorcia Meloni arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün mümkün bir addım kimi qiymətləndirilir. Qeyd olunur ki, tərəflər arasında gərginlik İrandakı müharibə kontekstində Roma Papası XIV Lev ilə təmaslar fonunda yaranıb.
"Tramp və FİFA prezidenti Canni İnfantinoya Dünya Çempionatında İranın İtaliya ilə əvəzlənməsini təklif etdiyimi təsdiqləyirəm. Mən əslən italiyalıyam və 'Skuadra Adzurra'nı ABŞ-da keçirilən turnirdə görmək mənim arzumdur. Dörd qat dünya çempionu olan bu komandanın turnirdə iştirak etmək üçün hər cür əsası var", — deyə ABŞ-ın xüsusi nümayəndəsi nəşrə bildirib.
Xatırladaq ki, İtaliya millisi ardıcıl üçüncü dəfə Dünya Çempionatına vəsiqə qazana bilməyib. Onlar pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya məğlub olublar.
Financial Times həmçinin vurğulayır ki, İran tərəfi çərşənbə günü verdiyi bəyanatda turnirə hazır olduqlarını və dünya çempionatında çıxış etmək niyyətində olduqlarını bildirib.