Rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sahəsində köklü dəyişikliklərə səbəb olur. Onlayn platformalar, süni intellekt əsaslı öyrənmə vasitələri və virtual siniflər ənənəvi dərs modelini tamamlayan, bəzən isə onu əvəz edən alternativlər kimi çıxış edir. Bu vəziyyət təhsilin gələcəyi ilə bağlı mühüm sual doğurur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi QHT.az-a açıqlama verib.
E.Əfəndinin sözlərinə görə, rəqəmsal texnologiyalar təhsil sistemində çevikliyi artırır və ənənəvi modeli tamamlayaraq onu daha əlçatan edir: "Rəqəmsal texnologiyalar təhsil sistemində əhəmiyyətli dəyişikliklərə yol açır. Onlar məlumatların daha çevik və əlçatan şəkildə şagirdlərə və tələbələrə ötürülməsini təmin edir. Bu isə ənənəvi təhsil modelini müəyyən dərəcədə tamamlayır, bəzi hallarda isə onu daha da təkmilləşdirərək daha üstün keyfiyyətlər ortaya qoyur".
Elçin Əfəndi bildirib ki, süni intellekt və rəqəmsal alətlər tədris prosesini daha vizual və interaktiv formaya gətirərək mövzuların mənimsənilməsini asanlaşdırır: "Süni intellektin və rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi nəticəsində müxtəlif fənlər üzrə mövzuların həm vizual, həm də interaktiv formada izahı mümkün olur. Bu yanaşma şagirdlərin və tələbələrin mövzunu daha asan qavramasına və daha dərindən mənimsəməsinə şərait yaradır".
Ekspert vurğulayıb ki, rəqəmsal resurslar tədris materiallarına çıxışı sadələşdirərək hər kəs üçün daha geniş imkanlar yaradır: "Bundan əlavə, rəqəmsal texnologiyalar informasiyaya çıxış imkanlarını xeyli sadələşdirir. Əgər hər hansı şagirdin dərslik əldə etmək imkanı məhduddursa, rəqəmsal dərsliklər və onlayn resurslar bu problemi aradan qaldırır. Beləliklə, tədris materiallarına daha operativ və geniş şəkildə çıxış imkanı yaranır".
E.Əfəndi qeyd edib ki, bir çox inkişaf etmiş ölkələr rəqəmsal texnologiyaları təhsil sisteminə uğurla inteqrasiya edərək tədrisin keyfiyyətini yüksəldiblər: "Bu sahədə inkişaf etmiş ölkələr — Çin, Cənubi Koreya, Yaponiya, ABŞ və Avropanın bir sıra dövlətləri — rəqəmsal texnologiyaları təhsil sisteminə geniş şəkildə inteqrasiya etmişlər. Nəticədə həmin ölkələrdə təhsil alan şəxslər bilikləri daha effektiv və sistemli şəkildə əldə edə bilirlər".
Ekspert əlavə edib ki, rəqəmsal texnologiyaların təhsildə istifadəsi həm sağlamlıqla bağlı risklər, həm də diqqətin yayındırılması kimi problemlər yarada bilər: "Bununla yanaşı, rəqəmsal texnologiyaların müəyyən mənfi tərəfləri də mövcuddur. Əsas problemlərdən biri sağlamlığa təsirdir. Uzun müddət ekran qarşısında qalmaq görmə zəifliyi kimi fəsadlara səbəb ola bilər. Bu səbəbdən qoruyucu eynəklərdən və uyğun texniki vasitələrdən istifadə edilməsi vacibdir.
Digər bir mühüm məsələ isə rəqəmsal resurslardan düzgün istifadə ilə bağlıdır. Təhsilalanlar bu imkanlardan məqsədli şəkildə istifadə etməli, diqqətlərini yayındıran sosial şəbəkələr və mobil oyunlardan uzaq durmalıdırlar. Rəqəmsal texnologiyaların verdiyi imkanlar düzgün və məsuliyyətli şəkildə tətbiq edilməli, təhsil prosesinin səmərəliliyini artırmağa xidmət etməlidir".
Fatimə Nəbiyeva