RU

Ekstremal hava hadisələri artır, su ehtiyatları azalır

İqlim dəyişikliyi artıq yalnız qlobal problem deyil, hər bir ölkənin iqtisadiyyatına, təbiətinə və gündəlik həyatına birbaşa təsir göstərən real təhlükəyə çevrilib. Azərbaycanda da bu dəyişikliklər özünü daha isti yaylar, su ehtiyatlarının azalması, kənd təsərrüfatında məhsuldarlığın enməsi və Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər kimi hallarda göstərir.

Mövzu ilə bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov QHT.az-a açıqlama verib.

R.Abbasovun sözlərinə görə, iqlim dəyişmələri əsasən temperatur və yağıntı rejimlərində kəskin dəyişikliklərlə xarakterizə olunur və ekstremal hadisələri artırır: "İqlim dəyişmələri təbiətdə əsasən temperatur şəraitinin kəskin dəyişməsi, ekstremal temperaturların artması və yağıntı rejiminin pozulması ilə xarakterizə olunur. Bu proses yalnız atmosfer yağıntılarının azalması ilə məhdudlaşmır, eyni zamanda atmosferdə baş verən hadisələrin daha intensiv və ekstremal xarakter alması deməkdir".

Rövşən Abbasov bildirib ki, Azərbaycanda son illərdə güclü yağışların intensivləşməsi iqlim dəyişmələrinin nəticəsi kimi müşahidə olunur və bu, müxtəlif problemlər yaradır: "Məhz bu səbəbdən Azərbaycanda son illərdə güclü yağışların daha tez-tez müşahidə olunduğu görünür. Belə ki, il ərzində müəyyən dövrlərdə düşməli olan yağıntıların qısa zaman kəsiyində intensiv şəkildə yağması müxtəlif problemlərin yaranmasına səbəb olur".

Ekspert vurğulayıb ki, iqlim dəyişmələri su ehtiyatlarının azalması, təbii fəlakətlərin artması və ekosistemlərin pozulması ilə müşayiət olunur: "Ümumilikdə iqlim dəyişmələri ekstremal temperatur şəraitinin artması fonunda su ehtiyatlarına çıxışın azalması, təbii fəlakətlərin çoxalması və ekosistemlərin tarazlığının pozulması ilə müşayiət olunur. Bu isə kənd təsərrüfatı və şəhər mühitində insanların həyatına ciddi təsir göstərir".

Rövşən Abbasovun fikrincə, iqlim dəyişmələri kənd təsərrüfatı və içməli su təminatına mənfi təsir edərək sosial-iqtisadi çətinliklər yaradır: "Nəticə etibarilə kənd təsərrüfatı məhsuldarlığı azalır, fermerlərin su resurslarına çıxışı məhdudlaşır və əhalinin içməli su təminatında çətinliklər yaranır. Bu kimi problemlər sosial və iqtisadi sahələrdə ciddi təsirlərə gətirib çıxarır".

O qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün həm mitigasiya, həm də adaptasiya tədbirləri vacibdir və xüsusilə uyğunlaşma önəmlidir: "İqlim dəyişmələrinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün milli, regional və icma səviyyələrində müxtəlif mitigasiya və adaptasiya tədbirlərinin həyata keçirilməsi vacibdir. Xüsusilə adaptasiya tədbirləri iqlim risklərinə hazırlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır".

R.Abbasov əlavə edib ki, iqlim risklərinə qarşı kompleks fəaliyyət planlarının hazırlanması və müxtəlif səviyyələrdə hazırlıq tədbirləri görülməsi zəruridir: "Bu məqsədlə daşqınlar, quraqlıqlar, su çatışmazlığı və məhsuldarlığın azalması kimi risklərə qarşı kompleks fəaliyyət planları hazırlanmalıdır. İnsanlar ailə, icma, rayon və milli səviyyələrdə bu risklərə qarşı hazır olmalı və uyğun tədbirlər görməlidirlər".

Açıqlamada bildirib ki, Azərbaycanda iqlim dəyişmələrinə adaptasiya üzrə milli plan mövcuddur və bir sıra sahələrdə tədbirlər həyata keçirilir: "Azərbaycanda artıq milli səviyyədə İqlim Dəyişmələrinə Adaptasiya üzrə Milli Planlaşdırma sənədi qəbul edilmişdir. Bu çərçivədə kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və sahil zonalarının idarə edilməsi sahələrində bir sıra tədbirlər həyata keçirilir. Bu fəaliyyətlər iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına və uyğunlaşma imkanlarının artırılmasına xidmət edir".

Fatimə Nəbiyeva

Избранный
83
qht.az

1Источники