RU

Meşə yandı, sərvət ortaya çıxdı – Kiloqramı 264 manata satılır – FOTO

Türkiyənin Kastamonu vilayətinin Araç rayonunda ötən il baş vermiş meşə yanğınından zərər görən ərazilərdə quzugöbəyi göbələyi yetişməyə başlayıb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu göbələk yerli sakinlər üçün mühüm gəlir mənbəyinə çevrilib.

Yaz yağışları ilə birlikdə zərər görmüş meşə sahələrində quzugöbəyi göbələyi kütləvi şəkildə yetişməyə başlayıb. Əvvəlki illərdə quraqlıq səbəbindən nadir rast gəlinən bu göbələk növü bu il xüsusilə yanğın baş vermiş ərazilərdə bol olması ilə diqqət çəkir.

Qiymətlər yüksək, maraq böyükdür

Təzə halda kiloqramı 1000 lirəyə, qurudulmuşu isə 7 min lirəyə qədər (264 manat) satılan quzugöbəyi göbələyi kəndlilərin əsas qazanc mənbələrindən birinə çevrilib.

Məhsulun bol olduğunu eşidən vətəndaşların Karabük də daxil olmaqla müxtəlif bölgələrdən əraziyə gələrək göbələk topladıqları bildirilir.

Rayon mərkəzindən kəndə göbələk yığmaq üçün gələn Salih Başçı bildirib ki, ötən il baş verən yanğın kənddə böyük fəsadlar törədib:

“Meşələrimiz tamamilə yandı, alov kəndimizə qədər gəlib çatdı. Hər yer tüstü içində idi, heyvanlarımız və biz zərər gördük. Dövlətin köməyi ilə evlərimizi və təsərrüfatımızı qoruduq. İndi isə yanan meşələrdə quzugöbəyi göbələyi çıxıb və bu, bizim üçün yeni gəlir mənbəyinə çevrilib.

Gecə saat 03:00-da oyanıb işimi görürəm, sonra təxminən 100 kilometr yol qət edərək kəndə gəlib göbələk toplayıram. Həm özümüz üçün, həm də satış üçün yığırıq”.

Başçı əlavə edib ki, göbələyin bol olması qiymətlərin də enməsinə səbəb olub:

“Əvvəllər daha baha idi, indi isə bolluq səbəbindən qiymətlər aşağı düşür. Sosial şəbəkələrdə isə hətta dollarla satıldığını görürük”.

İxrac potensialı diqqət çəkir

Yerli sakin Abdullah Keleş də bildirib ki, quzugöbəyi göbələyi əsasən yanmış ərazilərdə daha çox yetişir:

“Bu göbələk bizə dolanışıq imkanı yaradır. Burada qiymətlər bəzən 600 lirəyə qədər düşür, hətta yanıq olanları 300 lirəyə alırlar. Amma internetdə 3-4 min lirəyə satıldığını görürük. Deyirlər ki, Fransa, İtaliya və Almaniya kimi ölkələrə ixrac olunur və orada bir porsiyası 100 dollara təqdim edilir”.

Qeyd edək ki, 2025-ci il sentyabrın 1-də baş verən yanğınlar nəticəsində ümumilikdə 2 736 hektar ərazi – bunun 2 078 hektarı meşə, 658 hektarı isə kənd təsərrüfatı sahəsi olmaqla – ciddi zərər görüb.






Bizim.Media

Избранный
20
1
bizim.media

2Источники