RU

Deputat Laçın Sərhəd Məntəqəsinin xüsusi əhəmiyyətindən danışdı

“2020-ci ildə 44 günlük müharibəmizdən sonra cinayətkar erməni işğalçılarının bir hissəsi hələ ərazilərimizdə qalmağa davam edirdi. Özünü "sülhməramlı" kimi təqdim edən Rusiya hərbi kontingentinin, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin bilavasitə dəstəyi ilə ərazimizdə öz işğalçılıq siyasətlərini yeridir, silahlanır, qanunazidd hərəkətlər edirdilər. Həmişə demişəm ki, bu Komitənin adında dəyişiklik edib, "Beynəlxalq Erməni Qırmızı Xaç Komitəsi" adlandırmaq lazımdır. Çünki Komitənin saysız-hesabsız nəqliyyat vasitələri cinayətkarları o taya-bu taya daşımaqla, onlara himayədarlıq etməklə məşğul olurdu. Şuşa ərazisində ekoloji fəallar, gənclərimiz tərəfindən ekologiyamızın, təbii yeraltı, yerüstü sərvətlərimizin talanmasının qarşısını almaq üçün ilk etiraz aksiyalarımız başladı. Sonra gördük ki, onlar daha da qudurğan hərəkət edir, gizli yollarla silah daşımaq kimi qeyri-qanuni hərəkətlərə yol verirlər. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, Azərbaycanın öz qanunlarına, Konstitusiyasına əsaslanaraq Laçın rayonu ərazisində ərazi bütövlüyümüzü, təhlükəsizliyimizin təmin olunması üçün sərhəd məntəqəsi yaratdı. Bu, həmin vaxtdan ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası üçün gördüyümüz işlərin başlanğıc nöqtəsi oldu. Laçın postunun fəaliyyəti nəticəsində aşkarlaya bildik ki, ərazimizdə nə qədər erməni, işğalçı qalıb, bunları "qidalandıranlar" kimlərdir? Müxtəlif təşkilatlar, Fransa kimi dövlətlər vasitəsilə ermənilərə köməyə gəlmək, yardım gətirmək istəyənlərin qarşısı alındı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat qeyd edib ki, heç kəs Azərbaycanın daxili işlərinə müdaxilə etmək haqqına-hüququna malik deyil: “Azərbaycan öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Laçın Sərhəd Məntəqəsini yaradıb. Anti-terror əməliyyatlarından sonra da Laçın Sərhəd Məntəqəsindən kimlər gəlib-keçdi. Ermənilər fantastik rəqəmlər deyirdilər. Hamısı ifşa, sübut olundu ki, belə deyil, Azərbaycan tərəfinin dediyi daha doğrudur. Niderland, Belçika kimi tarixləri işğalçılıq, müstəmləkəçiliklə zəngin olan dövlətlərin parlamentləri yaramazlıqlarla məşğuldurlar. Biz müəyyən etdik ki, hamısının çəkilişi, sənədi var.  Sərhədimizdən keçən istənilən ermənidən soruşuldu ki, niyə gedirsiniz, bəlkə, Azərbaycan tərəfi sizə təzyiq edir, məcbur köçürürlər? Onlar isə inkar etdilər. Dedilər ki, öz rəhbərlərimiz belə deyiblər, biz də gedirik. Azərbaycana qarşı şər-böhtan kampaniyası təşkil edənlər deyirlər ki, guya Azərbaycan erməniləri zorla köçürüb, onlara qarşı "genosid" edir. Xeyr, ermənilər ərazilərimizi könüllü tərk etdilər. Çox ağıllı iş gördülər. Bilirdilər ki, Azərbaycan torpağında yaşayırlar. Azərbaycanın çörəyinə, suyuna, Azərbaycanın onlara qarşı olan humanist mövqeyinə xəyanət etdilər. Paylarını da aldılar. Başa düşdülər ki, artıq Azərbaycan torpağında yaşaya bilməzlər, gedib özlərinə yeni vətən axtarmalıdırlar. Getdilər də. Laçın Sərhəd Məntəqəsinin xüsusi əhəmiyyətlərindən biri budur. Orada xidmət edən insanlarımız şərəfli bir işlə məşğul olurdular. Vətəni qorumaq, Vətənin, xalqın təhlükəsizliyini təmin etmək. Hamısına eşq olsun!”

 

Aytəkin Qardaşova

Tarix: 23 Aprel 2026, 16:55   
Избранный
98
pravda.az

1Источники