RU

AB-dən Ukraynaya kredit, Rusiyaya sanksiya paketi

AB-dən Ukraynaya kredit, Rusiyaya sanksiya paketi

Avropa Birliyi (AB) Macarıstanın uzun müddətdir davam edən vetosunun aradan qalxmasından sonra Ukraynaya 2026-2027-ci illər dövrü üçün 90 milyard avroluq kredit ayrılması və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulu məsələsində tam razılığa gəlib.

AFN.az xəbər verir ki, AB Şurasının Prezidenti Antonio Kosta bu addımı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və Rusiyaya qarşı təzyiqlərin artırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, təsdiqlənən 90 milyard avroluq paket həm ölkənin makroiqtisadi sabitliyini təmin etmək, həm də müdafiə sənayesi potensialını artırmaq məqsədi daşıyır.

AB Komissiyasının sədri Ursula fon der Leyen üzv ölkələrin bu qərarlar üzərində uzlaşmasını alqışlayaraq, Rusiyanın müharibə iqtisadiyyatına qarşı təzyiqin daha da intensivləşəcəyini vurğulayıb. Eyni zamanda, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas blokadanın başa çatdığını bildirərək, Kiyevə verilən dəstəyin sarsılmaz olduğunu qeyd edib.

Məlumata görə, AB daxilindəki bu tıxanıqlığın aradan qalxması Macarıstanda baş verən siyasi dəyişikliklərlə bağlıdır. Viktor Orbanın aprel ayında keçirilən seçkilərdə məğlub olaraq hakimiyyətdən getməsi və Budapeştin etirazlarını geri çəkməsi prosesi sürətləndirib.

Yeni qəbul edilən 20-ci sanksiya paketi isə Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarını, eləcə də Rusiya neftini daşıyan "kölgə donanması"nı hədəf alır. Kreditin ilk hissəsinin artıq iyun ayında Ukraynaya çatdırılması planlaşdırılır.

Избранный
43
afn.az

1Источники