RU

Türklərin xalq təbabəti - Tarix və Etnologiya İnstitutunda dəyirmi masa

Bakı, 23 aprel, AZƏRTAC

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin təşkilatçılığı ilə “Türklərin xalq təbabəti” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev türk xalqlarının zəngin xalq təbabəti ənənələrinin müqayisəli və kompleks şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu türk xalqlarının etnoloji irsi və bu irsdə xalq təbabətinin yeri barədə fikirlərini bölüşüb. O, türk xalqlarının mənəvi aləmində, məişətində xalq təbabəti ilə bağlı oxşarlıqların olduğunu vurğulayıb və maraqlı bir faktı xatırladıb: “Hələ 1998-ci ilin yayında Tıvaya səfərimiz zamanı kəklikotunun yandırılaraq tüstüsünün ətrafa verildiyinin, bunun şər qüvvələrin, xəstəliyin, gözdəymənin qarşısını almaq məqsədilə edildiyinin şahidi olmuşduq. Tıva xamlarına (şamanlara) deyəndə ki, Azərbaycanda kəklikotunu xörəyə tökür, çayını dəmləyib içirlər, onlar həm təəccüblənmiş, həm də bunun daha doğru, daha yaxşı olduğunu, içəridən, daxildən insanı qoruduğunu söyləmişdilər”.

Tədbirdə “Türk xalqlarının xalq təbabəti etnokultural və psixoterapevtik perspektivdə: ənənələr, mənalar və müasir tətbiq”, “Azərbaycan türklərinin xalq təbabəti” mövzularında çıxışlar dinlənilib.

Избранный
84
1
azertag.az

2Источники