RU

Cəbəllütariq boğazında 124 gəmi qəzası aşkar edilib

İspan arxeoloqları Avropa ilə Afrika arasında yerləşən Cəbəllütariq boğazı yaxınlığında yerləşən Algekiras körfəzi ərazisində geniş sualtı tədqiqat aparıblar.

“CNN” xəbər verir ki, 2020-2023-cü illəri əhatə edən araşdırma zamanı 151 arxeoloji sahə, o cümlədən 124 gəmi qəzası müəyyənləşib.

Tədqiqatçılar bildiriblər ki, bu batıqlar müxtəlif dövrlərə, qədim Karfagen sivilizasiyasından Roma, orta əsrlər və müasir dövrə qədər uzanır. Ən qədim tapıntının eramızdan əvvəl V əsrə aid olduğu qeyd olunur.

Layihənin rəhbəri, Kadiz Universiteti alimi Felipe Serezo Andreo qeyd edib ki, ərazidə aşkar olunan bəzi qəzalar Napoleon müharibələri və İkinci Dünya Müharibəsi dövrləri ilə əlaqəlidir.

Alimlərin fikrincə, Cəbəllütariq boğazı qədimdən bəri mühüm dəniz yolu olub və Aralıq dənizi ilə Atlantik okeanı arasında keçid rolunu oynayıb. Bu səbəbdən ərazi həm ticarət, həm də hərbi baxımdan strateji əhəmiyyət daşıyıb.

Tədqiqat zamanı müasir texnologiyalardan, dəniz dibinin 3D xəritələşdirilməsi və maqnit ölçmələrindən istifadə olunub. Alimlər bildiriblər ki, iqlim dəyişikliyi və okean axınları bəzi batıqların üzə çıxmasına səbəb olur. Hazırda tədqiqatçılar sadəcə dayaz sularda araşdırma aparıblar. Körfəzin daha dərin hissələrində isə qədim, hətta tarixdən əvvəlki dövrlərə aid tapıntıların ola biləcəyi ehtimal edilir.

Təhminə VERDİYEVA,

“Azərbacan”

Избранный
52
azerbaijan-news.az

1Источники