RU

Azərbaycan iş adamları Cənubi Sinayda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edilib

Qahirə, 24 aprel, AZƏRTAC

Misirin Şarm əl-Şeyx şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında qardaşlaşma əlaqələrinin daha da dərinləşdirilməsi, eləcə də hər iki ölkənin turizm potensialının inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Cənubi Sinay vilayətinin qubernatoru İsmayıl Kamal Azərbaycan səfiri Elxan Poluxovla görüşündə bildirib.

Vurğulanıb ki, birbaşa aviareyslərin mövcudluğu əlaqələrin daha da intensivləşməsinə mühüm töhfə verir. Bu baxımdan, mövcud uçuşların sayının artırılması məsələsinə xüsusi maraq göstərildiyi diqqətə çatdırılıb. Bildirilib ki, nəqliyyat əlaqələrinin genişləndirilməsi turist axınının artmasına və biznes əlaqələrinin güclənməsinə əlverişli şərait yarada bilər.

Söhbət zamanı Sinay yarımadasının zəngin turizm potensialına malik olduğu qeyd edilib, regionda turizm infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib. Azərbaycan iş adamları və investorları Cənubi Sinayda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub, qarşılıqlı sərmayə qoyuluşunun hər iki tərəf üçün faydalı olacağı bildirilib.

Görüş zamanı, həmçinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri barədə məlumat verilib. Misirin, o cümlədən Cənubi Sinay regionunun bu tədbirdə geniş təmsil olunacağına ümid ifadə edilib.

Bakıda keçiriləcək WUF13 forumuna dəvətə görə bir daha təşəkkürünü bildirən qubernator bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra səfir digər rəsmi qonaqlarla birlikdə Şarm əş-Şeyxdə keçirilən mədəni tədbirdə iştirak edib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
34
1
azertag.az

2Источники