RU

Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib

Binə qəsəbəsində daşınmaz əmlak bazarında ciddi bahalaşma müşahidə olunur. Qəsəbənin ildən-ilə böyüməsi və əhalinin artması torpaq sahələrinin azalmasına, nəticədə qiymətlərin artmasına səbəb olur.

Aznews.az xəbər verir ki, "Sitat.info"nun əməkdaşı ərazidə apardığı müşahidələr və maklerlərlə söhbətlər zamanı bu qənaətə gəlib ki, artıq qəsəbənin mərkəz hissəsində ev tikmək üçün torpaq tapmaq olduqca çətindir. Mövcud sahələrin qiyməti isə xeyli artıb. Belə ki, mərkəzə yaxın küçələrdə torpağın 1 sotu təxminən 30 min manat təşkil edir. Yolkənarı obyektlər üçün nəzərdə tutulan torpaqların sotu isə 50-70 min manat civarındadır və bu tip sahələr demək olar ki, qalmayıb.

Ev alqı-satqısı ilə məşğul olan Nicat Salmanov bildirir ki, əsas küçələr boyunca çoxsaylı restoran və kafelərin fəaliyyət göstərməsi qiymətlərin artmasına birbaşa təsir edir. Əhali artdıqca xidmət sektoruna tələbat da yüksəlir.

Qəsəbə sakinləri isə qeyd edir ki, Binənin əsas üstünlüklərindən biri şəhərə yaxınlığıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində olan yol vasitəsilə qəsəbənin ən uzaq nöqtəsindən belə şəhər mərkəzinə 15-20 dəqiqəyə çatmaq mümkündür. Bundan əlavə, qəsəbəyə iki əsas magistral yol var - beton yol və aeroport yolu ilə rahat gediş-gəliş təmin olunur.

Sakinlərin sözlərinə görə, son dövrlər Xırdalan və Masazır qəsəbələrindən Binəyə köç edənlərin sayı artıb. Buna səbəb kimi şəhərdən həmin qəsəbələrə gedən yollarda nəqliyyat sıxlığı, tıxacların həddindən artıq yaşanmasıdır.

Ekspertlər hesab edir ki, şəhərin mərkəzində aparılan söküntü işləri də Binədə qiymət artımını sürətləndirən əsas amillərdəndir. Mərkəzdə yaşayan və kompensasiya alan vətəndaşlar daha çox Bakıətrafı qəsəbələrdə fərdi evlərə üstünlük verirlər.

Избранный
40
9
aznews.az

10Источники