RU

"Türkiyə bayrağının yandırılması ilə bağlı Paşinyanın reaksiyası kifayət etmir, çünki..." Generaldan sərt mesaj

İrəvanda Türkiyə bayrağının yandırılması ilə bağlı Nikol Paşinyan tərəfindən verilən “yolverilməzdir” açıqlaması şübhəsiz ki, diqqətəlayiq və vacibdir, lakin bu cür hadisələrin qarşısının alınması baxımından təkcə bəyanat səviyyəsində qalması yetərli hesab edilə bilməz.

Əgər bu yanaşma həqiqətən də real siyasi iradəni əks etdirirsə, o zaman onu konkret praktik addımlar, hüquqi prosedurlar və məsuliyyət mexanizmləri müşayiət etməlidir. Başqa sözlə, bayraq yandırılması kimi açıq təxribat xarakterli hərəkətə yol verən şəxslər müəyyən olunmalı, onların kimliyi rəsmi şəkildə təsbit edilməli və mövcud qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu, yalnız Türkiyəyə qarşı hörmət məsələsi deyil, eyni zamanda dövlətin öz hüquq sisteminin işləkliyinin və prinsipiallığının göstəricisidir".

Bu fikirləri Musavat.com-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz səsləndirib.

Generalın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan proseslər fonunda bu cür hadisələr diqqətdən kənarda qalmamalı, əksinə, danışıqlar masasında konkret şərt və meyar kimi irəli sürülə bilər:

"Ermənistan hökumətindən real tədbirlər və hüquqi nəticə tələb olunmalıdır. Bu mərhələdə əsas məqsəd: məsələni qeydə almaq və beynəlxalq hüquqi çərçivəyə salmaqdır.
Bundan başqa, məsələ BMT, ATƏT və Avropa Şurası kimi platformalarda qaldırıla bilər. Bu cür simvolik nifrət aksiyalarının regional sabitliyə zərər verdiyi, normallaşma prosesinə zidd olduğu göstərilməlidir.

Ümumiyyətlə, bu tip hadisələr emosional reaksiya doğursa da, dövlət səviyyəsində veriləcək cavabın soyuqqanlı, strateji və çoxqatlı olması daha effektiv nəticə verir. Çünki məqsəd yalnız reaksiyaya cavab vermək deyil, uzunmüddətli davranış dəyişikliyi yaratmaqdır".

Xatırladaq ki, İrəvanda 24 aprel ərəfəsində keçirilən məşəl yürüşü zamanı Türkiyə bayrağının yandırılması hadisəsi baş verib. Baş nazir Nikol Paşinyan bu addımı “məsuliyyətsiz və yolverilməz” kimi qiymətləndirərək, onu açıq şəkildə gərginlik yaradan təxribat adlandırıb.

Xalidə Gəray
Musavat.com

Избранный
4
musavat.com

1Источники