Bakı, 24 aprel, AZƏRTAC
Dünyada ümumi olaraq belə qəbul edilib ki, əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.
Agentliyin rəhbəri bildirib ki, süni intellektin istifadəsi vasitəsilə gücləndirildiyi halda, əqli mülkiyyət innovasiya potensialına təsir imkanlarını genişləndirmək üçün tamamilə əlverişli olur. Bunun üçün süni intellekt “hazırlanmış” olmalı, əvvəlcədən qeyd olunan amillərin empirik və ekspert təhlilindən irəli gələn mürəkkəb qarşılıqlı təsirinin arzuolunan formasını əks etdirən müəyyən normativ modelə malik olmalıdır.