“Müşahidələr göstərir ki, son zamanlar sosial şəbəkələr gənclərin, xüsusilə də yeniyetmələrin tərbiyəsinə çox böyük təsir edir. Biz buna ciddi nəzarət etməliyik. Burada həm xarici ölkələrin ideologiyaları, həm də müəyyən mənəvi məsələlərə toxunan zərərli kontentlər mövcuddur. Hesab edirəm ki, belə alətlər artıq bir neçə ölkənin qanunvericilik bazasında öz əksini tapıb. Buna biz də diqqət yetirməliyik və məsələ ilə bağlı müəyyən mexanizmlər tətbiq olunmalıdır. Eyni zamanda texnoloji şirkətlərin və valideynlərin məsuliyyəti də böyük rol oynayır”. Xatırladaq ki, bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. 2026-cı ilin 14 aprel tarixində Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində məktəbin 2007-ci il təvəllüdlü keçmiş şagirdi pnevmatik silahla atəş açaraq 16 nəfəri yaralayıb. Hadisənin ertəsi günü isə Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 14 yaşlı şagird oxuduğu məktəbə silah gətirərək bir müəllim və səkkiz şagirdin ölümünə səbəb olub. 
