RU

Kredit zənciri: Yorğanımız niyə qısalıb?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Atalarımız "ayağını yorğanına görə uzat" deyəndə, yəqin ki, plastik kartların və "0% ilkin ödəniş" reklamlarının dünyanı ağuşuna alacağını xəyal etmirdilər. Bu günün reallığı isə fərqlidir. Artıq heç kim yorğanın bitdiyi yerdə dayanmaq istəmir, hamı yorğanı bir az da uzatmaq üçün bankın qapısını döyür. Beləcə, kredit bir ehtiyacdan çox, bir həyat tərzinə, hətta "müasir bir bəlaya" çevrilir.

Kredit məsələsində cəmiyyəti iki hissəyə bölmək olar. Birinci qrup üçün bu, həqiqətən də məcburiyyətdir. Sağlamlıq problemləri, gözlənilməz qəzalar və ya ailənin təməl ehtiyaclarını qarşılamaq üçün başqa çıxış yolu tapmayanlar. Bu insanlar üçün kredit bir xilas kəməridir, amma təəssüf ki, bəzən həmin kəmər insanı xilas etmək əvəzinə daha da sıxmağa başlayır.

İkinci qrup isə daha təhlükəli bir yoldadır. Kredit vərdişi. Əlindəki telefonun funksiyaları tam işlədiyi halda, sadəcə yeni model çıxdığı üçün 24 aylıq borcun altına girənlər, toyunu "el-aləm nə deyər" prinsipi ilə bankın hesabına edənlər... Burada problem iqtisadi deyil, psixolojidir. Biz artıq sahib olduğumuz şeylərlə deyil, borclandığımız şeylərlə xoşbəxt olmağa çalışırıq.

Müasir bankçılıq sistemi bizə bir illüziya təqdim edir: "İndi al, sonra ödə". Amma unuduruq ki, ödədiyimiz şey sadəcə pul deyil, gələcək zamanımızdır. Bir krediti bağlayıb dərhal digərinə qaçmaq, əslində gələcəkdəki rahatlığımızı bu gündən xərcləməkdir. İnsanlar illərlə işləyirlər, amma aldıqları maaş özlərinin deyil, bankın olur. Bu, müasir dövrün "ağ yaxalı" köləliyinə bənzəmirmi?

"Ayağını yorğanına görə uzatmaq" fəlsəfəsi səbrə və qənaətə əsaslanırdı. İndiki sürət dövrü isə bizə səbr etməyi qadağan edir. "Hər şeyin ən yaxşısına indi sahib olmalısan" deyən istehlak mədəniyyəti, yorğanı ayağımıza görə deyil, xəyallarımıza görə tikməyə məcbur edir. Nəticədə isə ayağımız həmişə çöldə, yəni borcun içində qalır.

Kredit bir alətdir ondan ağılla istifadə edəndə işə yarayır, idarəsiz istifadə edəndə isə uçuruma aparır.

Ən böyük azadlıq heç kimə borclu olmamaqdır. Bəlkə də vaxtıdır ki, o köhnə yorğanı sandıqdan çıxarıb, ayağımızı harada saxlamalı olduğumuzu yenidən öyrənək. Çünki borc içində üzən bir cəmiyyət, sahilə çıxmaqda həmişə çətinlik çəkəcək.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
bizimyol.info

1Источники