21 apreldə Mill Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli Niderland və Belçikanın qəbul etdiyi qətnamədə Azərbaycan haqqında əsassız iddaların irəli sürülməsi haqqında danışarkən təklif edib ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.
Redaktor.az məsələ ilə bağlı Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Rövşən Muradovun fikirlərini öyrənib.
O hesab edir ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun mövcud situasiya fonunda fəaliyyətinin dayandırılması əvəzinə, onun fəaliyyətini davam etdirməsi daha məqsədəuyğun yanaşma olardı:
"Mövcud gərginlik və fikir ayrılıqları məhz bu kimi platformalarda müzakirə edilməli, qarşılıqlı dialoq vasitəsilə aydınlaşdırılmalıdır. Bu baxımdan, işçi qrupunun üzvlərinin bir araya gələrək yaranmış vəziyyəti ətraflı şəkildə müzakirə etməsi və ortaq mövqenin formalaşdırılması daha konstruktiv nəticələr vəd edir. Çünki parlamentlərarası əməkdaşlıq mexanizmləri yalnız münasibətlərin inkişafı üçün deyil, eyni zamanda fikir ayrılıqlarının idarə olunması və qarşı tərəfin mövqeyinə təsir göstərilməsi üçün də mühüm alət rolunu oynayır".
Millət vəkilinin fikrincə, belə platformaların fəaliyyətinin dayandırılması böyük Avropa ölkələrinin siyasi qərarlarına real təsir göstərmək baxımından məhdud effektə malikdir:
"Əksinə, bu addım Azərbaycanın mövqeyinin birbaşa çatdırılması imkanlarını daralda, kommunikasiya kanallarını zəiflədə və informasiya boşluğu yarada bilər. Bu səbəbdən, daha effektiv strategiya kimi, Azərbaycan tərəfinin həmin işçi qruplarında aktiv iştirakını davam etdirməsi, keçirilən görüşlərdə öz arqumentlərini əsaslandırılmış şəkildə təqdim etməsi və milli maraqları sistemli şəkildə müdafiə etməsi daha məqsədəuyğun hesab olunur. Bu yanaşma həm dialoq mühitinin qorunmasına, həm də Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin gücləndirilməsinə xidmət edəcək".
Aytəkin TOFİQQIZI