RU

Bayraq qalmaqalı ilə bağlı Bakıdan sərt tələb: təxribatçılar cəzalanmalıdır!

Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyib.

Bəyanatda bildirilib ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

“Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir. Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır. Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a şərhində bildirib ki, başda “Daşnaksütyun” partiyası olmaqla, radikal revanşist qüvvələr hər il aprelin 24-də “soyqırımı” gününü qeyd edirlər.

CİNGİZ

Ç.Qənizadə vurğulayıb ki, mütəmadi olaraq, bununla bağlı tədbirlərdə Türkiyəyə qarşı təxribatçı hərəkətlər olur, ifadələr, şüarlar səsləndirilir:

“Ötən gün də “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə keçirilən aksiyada Türkiyə bayrağının yandırılması sülh prosesinə ləkə sala bilən, bu prosesi ləngitmək üçün cəhdlərdən biri kimi dəyərləndirilməlidir. Bununla bağlı Ermənistan hökumətinin ciddi addım atdığını görmədik. Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən hadisəni pisləyib, açıqlamasında bildirib ki, qonşu müstəqil dövlətin bayrağının yandırılması sülhə kölgə salır. Hesab edirəm ki, həmin şəxslər məsuliyyətə cəlb edilməli idi. Bu hadisədə inzibati və cinayət məsuliyyəti yaradan hallar var”.

Çingiz Qənizadə həmçinin Paşinyanın digər açıqlamasına diqqət çəkib:

“Nikol Paşinyan Qarabağda Müqəddəs Məryəm Ana kilsəsinin guya sökülməsi ilə bağlı təxribatçı suala cavab verərkən bildirib ki, Azərbaycana qarşı beynəlxalq təşkilatlar qarşısında iddia qaldırılmayacaq. Paşinyan komandası ilə birgə revanşistlərə qarşı vuruşur. Qarşıdan gələn seçkiləri nəzərə alsaq, o, cəmiyyətdə qıcıq yaradan müəyyən addımları atmaqdan çəkinir, ehtiyatlı davranır ki, bu da başadüşüləndir. Bu baxımdan fikrimcə, rəsmi İrəvanın bu məsələyə mənfi münasibətinin olması yaxşı haldır. Eyni zamanda bu cür halların gələcəkdə baş verməməsi üçün “Daşnaksütyun” partiyasının reallaşdırdığı “məşəl yürüşü” zamanı təxribatçı şüarlar səsləndirən, eləcə də Türkiyə bayrağının yandırılmasında iştirak edən şəxslər mütləq Ermənistan qanunvericiliyi ilə məsuliyyətə cəlb edilib, cəzalandırılmalıdır”.

Nigar Həsənli
Musavat.com

Избранный
38
8
musavat.com

10Источники