Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas danışıqların nəticəsində İranın daha da təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə avropalı diplomat Kiprdə keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammiti ərəfəsində çıxış edərkən bildirib.
"Əgər müzakirələr yalnız nüvə sahəsinə toxunsa və masa arxasında müvafiq ekspertlər olmasa, biz 2015-ci ildə imzalanmış və ABŞ-ın 2018-ci ildə tərk etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planından daha zəif bir saziş əldə edəcəyik",-deyə Kallas vurğulayıb. O, yalnız nüvə məsələsi ilə məhdudlaşmağın risklərinə diqqət çəkib.
Ali nümayəndə əlavə edib ki, əgər regional problemlər, raket proqramları, proksi qüvvələrin dəstəklənməsi, həmçinin Avropadakı hibrid və kiberfəaliyyətlər nəzərə alınmasa, nəticədə dünya daha təhlükəli bir İranla qarşılaşacaq. Kallasın fikrincə, yeni razılaşma Tehranın bütün destruktiv fəaliyyətlərini əhatə edən kompleks xarakter daşımalıdır.
Musavat.com