RU

Səhiyyə Nazirliyi: Ağalıda təxminən 80 nəfər tibbi aksiyadan faydalanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Böyük Qayıdış Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində tibbi aksiya təşkil olunub. Aksiya zamanı nazirliyin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı və təcrübəli həkim heyəti bölgə sakinlərinə yerində tibbi xidmət göstəriblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən ətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislər tərəfindən qəbul edilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.

Ürək-damar, həzm sistemi, böyrək və endokrin xəstəliklərin erkən aşkarlanması istiqamətində geniş müayinələr həyata keçirilib. Müasir tibbi avadanlıqlardan istifadə olunmaqla elektrokardioqrafiya (EKQ) və digər zəruri diaqnostik prosedurlar tətbiq edilib. Bu isə xəstəliklərin ilkin mərhələdə müəyyən olunmasına və vaxtında müdaxilə imkanlarının artırılmasına şərait yaradıb.

Təxminən 80 nəfərin faydalandığı tibbi aksiya yerli sakinlər tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Layihənin əsas üstünlüklərindən biri tibbi xidmətlərin birbaşa əhalinin yaşadığı ərazidə çatdırılması, onların paytaxta və digər iri şəhərlərə üz tutmasına ehtiyacın azaldılmasıdır.

Qeyd edilib ki, bu cür tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və profilaktikasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və qarşıdakı dövrdə də davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
5
azertag.az

10Источники