RU

Milli Məclis üzvlərinin də qatıldığı şahmat turnirindən ÖZƏL açıqlamalar

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının və Qazaxıstan Parlamentinin, eyni zamanda Qazaxıstan Şahmat Federasiyasının təşəbbüsü ilə Almatı şəhərində şahmat üzrə turnir keçirilib.

Milli Məclisin üzvü, komitə sədri Fazil Mustafanın Musavat.com-a verdiyi məlumata görə, turnirdə 6 ölkənin təmsilçiləri iştirak edib:

“Burada müxtəlif ölkələrdən xeyli sayda iştirakçı var idi. Ermənistan qatılmamışdı, amma digər ölkələr iştirak edirdi. Ən az sayda iştirakçı Azərbaycandan idi - bizdən 6 nəfər iştirak edirdi. Onlardan 4-ü millət vəkili, 2-si isə Milli Məclis Aparatının əməkdaşı idi”.

F.Mustafanın sözlərinə görə, şahmat yarışı kifayət qədər maraqlı keçib:

“Burada daha çox 10 dəqiqəlik oyunlar nəzərdə tutulurdu. Hər iştirakçıya 10 dəqiqə vaxt verilirdi. Bu format bizim üçün yenilik idi, çünki indiyə qədər daha uzun zaman nəzarəti ilə oynamışıq. Saatla oynamaq da bizim üçün yeni təcrübə oldu. Maraqlı məqamlardan biri də o idi ki, Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan parlamentlərindən qatılanların böyük əksəriyyəti peşəkar idmançılar idi. Onların ən azı ustalığa namizəd dərəcəsi var idi. Bizdə isə ümumiyyətlə, ustalığa namizəd və ya birinci dərəcəli şahmatçı yox idi, sırf həvəskarlar iştirak edirdi. Hətta Rusiya komandasında beynəlxalq qrossmeyster də var idi. Bu, turnirə rəng qatsa da, müəyyən qeyri-bərabərlik mühiti yaradırdı. Buna baxmayaraq, parlament nümayəndələrimiz kifayət qədər ciddi rəqiblərə qalib gələ bildilər və əksəriyyət 50%-dən yuxarı nəticə göstərdi”.

Komitə sədri bildirib ki, Milli Məclis Aparatının əməkdaşı Emin Rəsulzadə ikinci yeri qazanıb:

“Yarışın qalibi dünya çempionu, beynəlxalq qrossmeyster, Rusiya parlament üzvü Sergey Karyakin oldu. Turnirdə 48 iştirakçı var idi və Emin Rəsulzadə yalnız beynəlxalq qrossmeyster Sergey Karyakinə məğlub oldu. Bu nəticə onu göstərir ki, Azərbaycan nümayəndələri güclü peşəkarlarla da rəqabət apara bilirlər. Emin bəy aparat nümayəndələri arasında birinci yeri tutdu.

Parlament nümayəndələri Azərbaycanı layiqincə təmsil edərək kifayət qədər yaxşı oyun nümayiş etdirdilər. Qüvvələr qeyri-bərabər olsa da, nəticəni uğurlu hesab etmək olar. Çünki peşəkar şahmatçılara qarşı oynayırdıq. Təəssüf ki, Azərbaycan parlamentində ustalığa namizəd və ya usta dərəcəsində olan millət vəkilinin olmaması müəyyən çətinliklər yaratdı. Amma buna baxmayaraq, belə tədbirlərdə iştirak həm də ölkənin təbliği və imici baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət imkanı yaradır.

Düşünürəm ki, bu proses şahmatın Azərbaycanda inkişafına da dəstək verir və onun təbliğinə xidmət edir. Azərbaycan şahmatçılarının beynəlxalq arenada qazandığı uğurlar da insanları bu oyuna daha ciddi yanaşmağa təşviq edir”.

Şəxsi göstəricindən bəhs edən Fazil Mustafa bildirib ki, 9 oyundan 5 xal qazanıb:

“Bu, əslində blits şahmat partiyası idi. İlk dəfə idi blits turnirdə yarışırdım. Maraqlıdır ki, məğlub olduğum 3 partiyada böyük üstünlüyüm olsa da, vaxt tamam olduğuna görə məğlub sayıldım. Digər üzvlərimiz də hamısı 50 faizlik nəticə göstərdilər. Maraqlıdır ki, bütün rəqiblərimiz ən azı FIDE reytinqində usta və ustalığa namizədlər idi. Biz isə ancaq həvəskar səviyyədə şahmat oynamışıq. Parlamentimizdə peşəkar şahmatçı olsaydı, daha fərqli nəticə əldə etmək mümkün idi. Hər halda ilk təcrübə özü də bir həvəsləndirici dərsdir”.

Qardaş ölkə ilə bağlı təəssüratlarını bölüşən Milli Məclis üzvü Almatı şəhərində çox gözəl qonaqpərvərliklə qarşılaşdıqlarını söyləyib:

“Bizi maraqlı məkanlarla tanış etdilər. Şəhərdə möhtəşəm incəsənət muzeyi var. Həmçinin maraqlı sərgilər təşkil olunmuşdu, burada müasir qazax sənəti nümayiş etdirilirdi. Biz çoxlu maraqlı tablolar gördük və kitablar əldə etdik. Düşünürəm ki, bu səfər idman xarakterli olmaqla yanaşı, mədəni baxımdan da yaddaqalan oldu. Hər halda, bu cür proseslərdə aktiv iştirak vacibdir. Çünki bu, həm də ölkənin tanıdılması və təbliği deməkdir”.

Qeyd edək ki, şahmat turnirində Azərbaycan parlamentinin üzvləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Tahir Rzayev və Azər Badamov, həmçinin Milli Məclis Aparatının əməkdaşları Azər Səmədov və Emin Rəsulzadə iştirak ediblər.

Aprelin əvvəlində Milli Məclisin deputatları və Aparat işçiləri Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə komandasından sonra ikinci olmuşdular.

Elşad Paşasoy,
Musavat.com

Избранный
43
musavat.com

1Источники