Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiya paketində Azərbaycan üçün müsbət məqamlar yer alıb - Xəzər Dəniz Gəmiçiliyinin keçən il sanksiya siyahısına salınan gəmiləri bu siyahıdan çıxarılıb. Lakin bu dəfə paketdə Azərbaycanın bank sektoru üçün təhdid formalaşdıran bir məqam var.
Musavat.com xəbər verir ki, söhbət Azərbaycanda fəaliyyət göstərən YeloBank-ın sanksiya siyahısına salımasıdır.
Belə ki, bu dəfə Aİ Rusiyanın daha 20 bankına qarşı məhdudiyyətlər tətbiq edib. Eyni zamanda üçüncü ölkələrdə yerləşən və Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən daha bir neçə bank qara siyahıya salınıb. Bunlar Qırğızıstanın Keremet Bank, Capital Bank of Central Asia bankları, Laosun Joint Development Bank bankı və Azərbayacanda fəaliyyət göstərən YeloBank-dır.

Qırğızıstan bankları bundan əvvəl də Aİ və ABŞ tərəfindən məhdudiyyətlər alıblar. Lakin Azərbaycan bankının adının qara siyahıya salınması ilk haldır.
Xatırladaq ki, YeloBank-a qarşı sanksiya tətbiq olunacağına dair məlumat hələ fevral ayında açıqlanmışdı. Lakin Macarıstanın Rusiyapərəst hakimiyyəti paketin qəbuluna imkan vermədiyinə görə rəsmiləşmə aprelin 22-də baş tutub. Əldə etdiyimiz məlumata görə, ötən müddətdə YeloBank adının siyahıdan çıxarılması üçün həm özü bir sıra addımlar atıb, həm də Azərbaycan hökumətindən bu sahədə dəstək istəyib. Belə görünür ki, hökumət ASCO gəmilərinin siyahıdan çıxarılmasını daha üstün tutaraq fəaliyyətini bu istiqamətə cəmləyib.
Bəs YeloBank niyə Aİ-nin qara siyahısına düşüb? Bu suala cavab tapmaq üçün bankın tarixinə diqqət yetirmək lazımdır. Belə ki, əvvəlki adı NikoilBank olan maliyyə qurumunun əsas səhmdarı 2022-ci ilədək adı dəfələrlə sanksiya siyahılarına salınan, Lukoyl şirkətinin yaradıcısı, Azərbaycan əsilli Rusiya iş adamı Vahid Ələkbərovdur. Bankın adı 2019-cu ildə YeloBank-a dəyişdirilib. Həmin vaxt onun Müşahidə Şurasının sədri Marina V.Kulişova idi. 2022-ci ildə V.Ələkbərov bankın səhmdarlığından çıxdı, əsas səhmdar isə Marina V.Kulişova oldu.
Qeyd edək ki, YeloBank Aİ-nin qərarı ilə bağlı açıqlama yayıb(APA). Açıqlamada bildirilir ki, Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurur: “Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir.
100 faiz yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir. Hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Məcmu kapital 177 milyon manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13.48 faiz, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69 faiz olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir”.
Bank bəyan edir ki, məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb: “Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq”.

Bir müddət YeloBank-da çalışmış hüquqşünas Əkrəm Həsənov Musavat.com-a deyib ki, Aİ-nin qərarı xeyli gözlənilməzdir:
“Bilirsiniz, söhbət əgər Rusiya mənşəli olmaqdan gedirsə, Rusiyanın VTB bankının rəsmi filialı fəaliyyət göstərir Azərbaycanda. Ona heç bri sanksiya tətbiq olunmayıb indiyədək. Bu bank faktiki olaraq Vahid Əlkəkbərova məxsusdur. Amma nə V.Ələkbərov, nə də YeloBank rəsmi şəkildə Rusiya dövləti demək deyil. Digər tərəfdən, Rusiya mənşəli banklar öz fəaliyyətlərinin mikroskopla izləndiyini bildikləri üçün son dərəcə ehtiyatlı davranırlar ki, sanksiyaya məruz qalmasınlar. Düzü, tam anlaya bilmirəm ki, niyə məhz indi YeloBank-a qarşı sanksiya tətbiq olundu? Ötən müddətdə Bank nəsə edibmi ki, adı siyahıya salınıb? Bu mənada, əgər YeloBank Rusiyaya sanksiyalardan yayınmaqda hər hansı dəstək veribsə, Avropa İttifaqının qərarının kökündə hansısa fakt dayanırsa, bu, çox pis hal olardı. Eyni zamanda bu, o deməkdir ki, YeloBank-la işləyən Azərbaycan şirkətləri, vətəndaşları xaricə hər hansı köçürmə edə bilməyəcəklər. Bu qərar bankın son illərdə xeyli yaxşılaşmış göstəricilərini pisləşdirəcək. Qeyd etməliyəm ki, yeni rəhbərlik bankın fəaliyyətində xeyli müsbət dəyşikliklərə nail olmuşdu, normal idarəetmə qurulub. On il əvvəl bu bank ən pis, ən çox korrupsiyalaşmış banklardan biri idi. Amma son illərdə vəziyyət kökündən dəyişmişdi. Sanksiya siyahısına düşdükdən sonra müştəri itkisi, əməliyyatlardakı məhdudiyyət bu dəyişikliklərin nəticələrini ciddi şəkildə zədələyəcək. Lakin bankın fəaliyyətini dayandırmaq kimi nəticələr gözləmirəm. Bank VTB də neçə ildir köçürmə edə bilmir, amma rahat fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, Aİ-nin qərarı sırf YeloBank-ın Vahid Ələkbərova bağlılığı ilə əlaqədar da ola bilər. Çünki həm Azərbaycanda, həm də ondan kənarda V.Ələkbərova məxsus olan bütün şirkətlər təzyiq və sanksiyalar altındadır. Bu da əlbəttə, onun Rusiya siyasi hakimiyyəti, xüsusilə də preziden Vladimir Putinlə yaxın münasibətlərindən qaynaqlanır.
Dünya SAKİT,
Musavat.com