RU

Norveçdə terror aktlarına görə məhkum olunan Breyvik yenidən azadlığa çıxmağa çalışır

Stokholm, 24 aprel, AZƏRTAC

2011-ci il iyulun 22-də Norveçdə terror aktları törədərək 77 nəfəri qətlə yetirən Anders Bering Breyvik yenidən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib. O, 21 il müddətinə həbs cəzası çəkir. Bu, ən sərt cəza tədbiridir və təkrar cinayət törətmək riski qaldığı halda müddəti uzadıla bilər.

AZƏRTAC xəbər verir ki, 2012-ci ildə hökm oxunduqdan sonra adını Northrikli Far Skaldiqrimmr Rauskoldr olaraq dəyişən Breyvik təcrid şəraitində saxlanılır. O, artıq iki dəfə azadlığa çıxmağa cəhd edib, saxlanma şəraitinin insan hüquqlarını pozduğunu iddia etsə də, məhkəmələr vəsatətlərini rədd edib. Sonuncu rədd qərarı 2024-cü ildə verilib. Həmin vaxt məhkəmə təkrar zorakılıq riskinin hələ də yüksək olduğunu bildirib. Reabilitasiya proqramlarında iştirak etməsinə baxmayaraq, məhkəmə onların hələlik ciddi nəticə vermədiyini hesab edib.

Qanuna görə, o, müəyyən vaxt intervalları ilə belə müraciətlər vermək hüququna malikdir və indi həmin müddət yenidən başa çatıb. Yeni baxış 2031–2032-ci illərdən sonra saxlanma müddətinin uzadılması ilə bağlı mümkün prosesdən əvvəl sonuncu olacaq.

Əvvəlki məhkəmə iclası zamanı Breyvik siyasi bəyanatlar verib, radikal baxışlarını nümayiş etdirib, bir sıra ölkələrə dəstək ifadə edib, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyini göstərən simvollardan istifadə edib.

Yeni psixiatrik ekspertiza onun psixozdan əziyyət çəkmədiyini, lakin ciddi şəxsiyyət pozuntularının olduğunu göstərib. Ekspertlər onu unikal hal kimi xarakterizə ediblər. Məhkəmə isə onun bəyanatlarına tam etibar etməyin mümkün olmadığını qeyd edib ki, bu da təkrar cinayət riskinin qiymətləndirilməsini çətinləşdirir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
78
10
azertag.az

10Источники