Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) və maliyyə institutlarının iştirakı ilə Müşfiqabad qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub.
AMB-dəA AZƏRTAC-a bildirilib ki, artıq dördüncü ildir uğurla davam edən aksiyada Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva və bankın heyəti, assosiasiyaların rəhbər şəxsləri, eləcə də assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi qatılıb.
Ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə keçirilmiş aksiya zamanı 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bu təşəbbüs maliyyə sektorunun ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə 1 milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.