RU

Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı silsilə tədbirlərə start verilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Özbəkistanın “Hunarmand” Assosiasiyasının birgə təşkilatçılığı ilə “Naxışların dili – ortaq mirasın səsi” adlı üç günlük tədbirlər çərçivəsində Daşkənddəki Dövlət Tərbiqi Sənət Muzeyində (DTSM) “Ornamentlərdə kodlaşmış mədəniyyət” adlı konfrans keçirilib.

Tədbirdə Azərbaycan və Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, rəssamlar, keramika üzrə ustalar, bu sahənin mütəxxəsisləri iştirak edib. 

Ölkəmizdən bu konfransa Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı rəssam Ağasadıq Süleymanov, Ebru Sənəti ustası Sevinc Əliyeva, keramika üzrə sənətkar Ruhəngiz Bağırova, oyma sənəti ustası Tofiq Əliyev qatılıb. 

AMM-nin direktoru Akif Marifli bildirib ki, bugünkü tədbir təkcə mədəniyyət hadisəsi deyil, eyni zamanda Azərbaycan və özbək xalqları arasında əsrlər boyu formalaşan dostluq, qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin bariz nümunəsidir. Xalqlarımızı birləşdirən ortaq dəyərlər, zəngin tarix, milli mənəvi irs və incəsənət ənənələri bu gün burada bir daha öz əksini tapır. 

A.Marifli qeyd edib ki, ornament və naxışlar sadəcə bədii elementlər deyil, həm də xalqın yaddaşı, düşüncə tərzi, dünyagörüşü və ruhun ifadəsidir. Bu baxımdan hazırkı konfrans mədəni irsimizin daha dərindən anlaşılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətt kəsb edir. 

DTSM-nin direktoru İsmat Yusupov deyib ki, bu kimi mədəniyyət tədbirlərinin həm Daşkənddə, həm də gələcəkdə Bakıda keçirilməsi dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə təkan verir. Bu kimi layihələr Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, türk dünyasının ortaq irsinin qorunması və təbliğinə xidmət edir. Məmnunam ki, bu gün belə bir tədbir məhz bizim muzeydə keçirilir.

Muzeyin elmi işlər üzrə direktor müavini Zuxra Xolikova bu sahədə Azərbaycanla olan mövcud əlaqələrdən danışıb, Bakıdakı Heydər Əliyev Mərkəzində keçirdikləri sərgidən söz açıb. Onun sözlərinə görə bu sərgidə Özbəkistandan aparılan 61 eksponat nümayiş etdirilib. 

Özbəkistannın “Hunarmand” Assosiasiyasının bölmə müdiri Jamshid Tilakov çıxış edərək bu kimi tədbirlərin sənətkarlar arasında təcrübə mübadiləsinin genişlənməsi və milli sənət ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycan və Özbəkistan sənətkarları arasında əməkdaşlıq ortaq mədəni irsin daha dərindən öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Sonra xalçaçı rəssam Ağasaqıq Süleymanov “Müniatür və Azərbaycan”,  Battal Ebru texnikası üzrə sənətkar Sevinc Əliyeva “Su üzərində kodlaşmış tarix”, keramika ustası Ruhəngiz Bağırova “Azərbaycanın qədim dövr dulusçuluq sənəti” mövzularında videotəqdimat keçiriblər. 

Özbək sənət ustaları Nasiba Satiboldiyeva, Bibisora Rahmatullayeva və başqaları öz əl işlərini təqdim ediblər. 

Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı tədbirlər davam edir. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

 

 

Избранный
35
2
xalqqazeti.az

3Источники