RU

Əkiz bacıların uğuru: zəhmət, məqsəd və inamın vəhdəti ən yüksək zirvələri belə əlçatan edir

Mingəçevir, 24 aprel, AZƏRTAC

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə göstərərək müəllimlərini və valideynlərini sevindirən, qürurlandıran şagirdlər arasında mingəçevirli əkiz bacılar da var. Burlaxatun Məcidli 300 bal toplayaraq maksumum nəticə göstərən 9 nəfərdən biridir. Əkiz bacısı Banu Məcidli də 266.7 balla uğura imza atıb. 2009-cu il təvəllüdlü bacılar Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə təhsil alırlar.

“Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 297 bal toplamışdım. Budəfəki imtahanda da yüksək bal toplamağı qarşıma hədəf qoymuşdum. İmtahanı nisbətən asan gözləyirdim, ancaq sevinirəm ki, öhdəsindən gəldim və 300 bal yığdım. Vaxtı düzgün bölmək vacib idi ki, bunu bacardım. Növbəti imtahanda da maksimum nəticə qazanacağıma inanıram. Memarlıq ixtisası üzrə ali təhsil almaq arzusundayam”, - deyən Burlaxatun Məcidli müəllimlərinin və valideynlərinin ona motivasiya verdiyini dilə gətirir. Vurğulayır ki, qazandığı uğurun sirri məsuliyyət hissi ilə oxumaqda, öz üzərində işləməkdə, özünə inamdadır.

Banu Məcidli də imtahanda uğurlu nəticə üçün çox çalışdığını bildirir. “270-dən yüksək bal gözləyirdim. Topladığım bal da yaxşıdır. Əvvəllər də bacımla birgə müxtəlif bilik yarışları və olimpiadalarda uğurla iştirak etmişik. Riyaziyyat fənnini xüsusuilə sevirik. Gələcəkdə BDU-nun Hüquq fakultəsinin tələbəsi olmağı hədəfləyirəm. Bunun üçün var gücümlə çalışıram. Bacımla birgə növbəti imtahanda da uğur qazanacağımıza inanıram”, - deyə Banu Məcidli qeyd edir. Əkiz bacıların uğuru bir daha göstərir ki, zəhmət, məqsəd və inam bir araya gələndə ən yüksək zirvələr belə əlçatan olur. Onların qazandığı nəticə təkcə məktəbi, müəllimlərini və ailəni deyil, tanıyan, bilən hər kəsi sevindirir.

Müxbir – Vüsalə Cənnətova

Избранный
96
1
azertag.az

2Источники