RU

Ekspert: Laçında sərhəd-keçid məntəqəsinin qurulması hərb tariximizə düşən əlamətdar hadisədir

Bakı, 24 aprel, AZƏRTAC

Üç il əvvəl Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, uğurlu hərbi-siyasi strategiyasının nəticəsi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün tamlaşdırılması uğrunda gedən mübarizənin dayaq nöqtəsidir. Məhz həmin gündən sonra Azərbaycan qarşıya qoyulan hədəflərə çatmaq üçün, o cümlədən yüz illər boyunca toplanıb qalmış problemlərin həlli istiqamətində növbəti addımı atmış oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

“Belə ki, bu illər ərzində həmin dəhlizin açıq olmasına baxmayaraq, üstünlük ermənilərin tərəfində idi. Bu da Qarabağ ərazisində süni şəkildə ermənilərin say tərkibinin, demoqrafik göstəricilərinin artırılması ilə nəticələnmişdi. Xüsusilə də, 1987-1988-ci illərdən başlayaraq ermənilərin həmin torpaqlara süni şəkildə köçürülməsi prosesi aparılıb. Həmin proses 2023-cü ilə qədər də davam edib. Lokal anterror əməliyyatlarının keçirilməsinin əsas təməl prinsipi 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolu üzərində sərhəd-keçid məntəqəsinin qurulması oldu ki, bununla həm də separatizmin dəstəklənməsi sonlandı. Yəni Ermənistan ordusunun tör-töküntülərinə silahların və digər gücləndirici vasitələrin gətirilməsinin qarşısı alındı. Çox keçmədən aparılan lokal antiterror əməliyyatları zamanı ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Odur ki, həmin hadisə - “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması Zəfər tariximizin bir hissəsidir və qələbə kimi qiymətləndirilir. Bu, Azərbaycan xalqının bir qələbəsi kimi hərb tariximizə düşən əlamətdar hadisədir”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.

Müxbir – Göyçək Mahmudlu

Избранный
17
1
azertag.az

2Источники