RU

Floridada meşə yanğınları

Quru keçən qış və yaz aylarından sonra ABŞ-nin böyük hissəsini şiddətli quraqlıq bürüyüb və bu vəziyyət genişmiqyaslı meşə yanğınlarına səbəb olub. Xüsusilə ölkənin cənub-şərqində, rütubətli iqlimi və bataqlıqları ilə tanınan Florida və Corciya ştatlarında vəziyyət daha ağırdır. 

“The Guardian” qəzetinin yaydığı məlumata görə, ekspertlər regiondakı quraqlıq səviyyəsini ən yüksək kateqoriya olan “müstəsna quraqlıq” dərəcəsinə yüksəltməyi təklif edirlər. Son günlərdə əsən güclü küləklər və havadakı aşağı rütubət yanğın riskini daha da artırıb və nəticədə Florida ərazisində çoxsaylı böyük yanğın ocaqları yaranıb.

Fort-Loderdeyl şəhərinin şimal-qərbində başlayan yanğın qısa müddətdə 3700 hektardan çox sahəni külə çevirib. Milli Qvardiya alovla mübarizəyə cəlb olunub və hazırda yanğının sadəcə yarısını nəzarətə almaq mümkün olub. Tüstü dumanı səbəbindən yerli sakinlərə hava keyfiyyətinin pisləşməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Yanğınlar, eyni zamanda, Corciya və Alabama ştatlarına da yayılmaqdadır. Sinoptiklər bildiriblər ki, iyun ayında yağışlar mövsümü başlayana qədər bu təhlükəli və quru hava şəraiti davam edəcək.

Hindistanda da ekstremal hava şəraiti hökm sürür. Ölkənin şimalında yüksək təzyiq nəticəsində güclü istilər gözlənilir. Rajasxan, Madhya Pradeş və Maharaştra ştatlarında temperaturun 45 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Hindistan Meteorologiya Departamenti artıq bir neçə bölgə üçün “isti dalğası” həyəcanı elan edib. May ayının ilk həftəsinə qədər davam edəcəyi gözlənilən bu anomal istilər milyonlarla insanın sağlamlığı üçün ciddi təhlükə yaradır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
69
7
azerbaijan-news.az

8Источники