RU

Maksim Medvedev ümid verdi: “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq”

Abbas Hüseynovla Elvin Cəfərquliyevin “Qarabağ”ın əsas komandasından uzaqlaşdırıldığından xəbərdarsız.

Hər iki təcrübəli futbolçu bu üzdən “köhlən atlar”ın həm premyer-liqanın 28-ci turunda, həm də ölkə kubokunun yarımfinalının cavab matçında “Sabah”a qarşı oynaya bilmədi. Abbas qalsın kənarda, amma Elvinin yoxluğunu hər iki oyunda hiss etdik. “Bayquşlar”ın Aaron Maludası Cəfərquliyevin yerinə forma geyən Toral Bayramova əzab verdi.

Bəs, əvəzedici heyətə göndərilən Elvinlə Abbas nə vaxta kimi “sürgündə olacaq”? Onların bağışlanması ehtimalı nə qədərdi? Ən əsası, hansı qəbahətə görə qovulublar?

Əvvəlcədən bildirək ki, Elvinin adı “Neftçi”, Abbasın adı “Zirə” ilə hallanmağa başlayıb. Düzü, “qartallar”ın cari maliyyə durumunu və baş məşqçi Rəşad Sadıqovun yerli futbolçulara şans vermək həvəsini nəzərə alsaq, bu keçidin baş tutmaq ehtimalı yüksəkdi. Amma Elvinlə bağlı suallar çoxdu. Azı ona görə ki, gənc müdafiəçi “Qarabağ”ın ən çox maaş alan futbolçularından biridi. Hətta bəzi mənbələr bu oyunçunun illik 400 min dollar, yəni 680 min manat məvacib aldığını iddia edir. Deməli, Cəfərquliyev “ağ-qaralar”a keçsə, hətta bəzi legionerlərdən daha çox maaş almalıdı. Düzdü, paytaxt təmsilçisi maliyyə baxımından ölkənin ən zəngin klublarındandı, bəlkə daha çoxuna gücü çatar. Lakin komandada maaş balansının pozulması da müəyyən fəsadlar ortaya çıxara bilər.

“Neftçi”nin “Qarabağ”a əzəli rəqib olması, azarkeşlərinin yola getməməsi kimi məqamlar öz yerində. “Köhlən atlar”ı “ağ-qaralar”a dəyişən futbolçuların aqibəti də həmişə yaxşı olmur. Təkcə yaxın keçmişdə olan Qara Qarayev nümunəsini xatırlatmaq yerinə düşür ki, həmin futbolçunun hər Azərbaycan derbisində təhqirlərə məruz qalacağını anlayasan. Hələ onu demirik ki, Elvinin şıltaq, çılğın, aqressiv xarakterinin gözlənilən təhlükəyə verəcəyi reaksiya aləmi bir-birinə qata bilər...

Ümumiyyətlə, Elvinin nəinki “Neftçi”yə, ölkəmizdəki hər hansı kluba keçidi yanlış addımdı! Biz onun “Qarabağ”da qalmasını belə arzulamırıq ki, məqsəd parlaq legioner həyatı yaşamaq, ölkəmizi layiqincə təmsil etmək olmalıdı. Maraqlıdı, görəsən, demək olar ki, hər həftə adı hansısa Avropa klubuyla hallanan futbolçu niyə hələ seçim etməyib? Ya bəlkə srağagün “instaqram” hesabında paylaşdığı “qum saatı” məhz bu məsələ ilə bağlıdı? Üstəlik, üç gün əvvəl “Qarabağ”ın onu satışa çıxardığı haqda xəbərlər yayılıb. Maraq üçün qeyd edək ki, Cəfərquliyevin “transfermarkt”dakı bazar dəyəri 1,5 milyon avrodu.

Bütün bu məqamları göz önünə gətirib, Elvinin meneceri Tural Əsgərovla əlaqə saxladıq. Onun “Futbol+”ə dediklərindən belə aydın oldu ki, futbolda satışa çıxarmaq kimi bir prosedurdan söhbət gedə bilməz. “Futbolda piştaxta yoxdu ki...” sözlərini işlədən menecer Elvinlə “Qarabağ” arasında olan müqavilənin müddətinin hələ bitmədiyini xatırlatmaqla yanaşı, müdafiəçinin əvəzedici heyətdə məşqlərə davam etdiyini bildirdi. Nəticədə növbəti ünvan “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev oldu.

Mütəxəssisin sözlərinə yer verməzdən əvvəl vacib məqamı diqqətinizə çatdıraq. Bu gün Elvinlə Abbasın konkret hansı səbəbdən əsas komandadan qovulması hamıya maraqlıdı. Axı nizam-intizam qaydaları min bir çeşiddə pozula bilər. Təəssüf ki, bu barədə sualımızı nə Tural Əsgərli cavabladı, nə də Maksim Medvedev. İddialar arasında Elvinlə Abbasın əlbəyaxa dava etməsi yer alsa da, bir-biriylə deyib-güldükləri görüntülər yayıldığından buna inanmaq çətindi. Geriyə barlarda, əyləncə partilərində zaman keçirmək, bu səbəbdən həm məşqlərdə, həm də oyunlarda özünü yaxşı tərəfdən göstərə bilməmək kimi başqa xoşagəlməz iddialar qalır ki, burda sözlər tükənir.

“Hər kəsin babalı öz boynuna” deyib, Medvedevi dinləyək:

“Həm Elvin, həm də Abbas premyer-liqanın da, millinin də əsas oyunçularındandı. Bu səbəbdən, inanıram ki, Qurban müəllim ikisini də bağışlayacaq. Onlar düşərgəyə gələndə çox kefsiz, fikirliydilər. Söhbət etdim, başa salmağa çalışdım ki, çox düşünməklə nəsə dəyişməyəcək, olanlardan dərs çıxarıb, gələcəyə baxmaq lazımdı. Sağ olsunlar, məni dinlədilər. Hazırda ikisi də məşqlərdə fəal iştirak edir. İstəklidilər, həm fiziki, həm də psixoloji durumları yaxşıdı. Rəqiblərimizin meydançaları yaxşı olduğu təqdirdə əvəzedici komanda da şans qazanacaqlar. Onlarla əlavə məşqlər də edirik. Çünki ikisinin də formada qalması vacibdi. Fikrim var ki, 90 dəqiqə şans verim, oynasınlar. Əlbəttə, daha diqqətli, peşəkar olmalıdılar. İnşallah, yaxşı olacaq. Artıq bilirlər ki, “Qarabağ” da ən kiçik səhv belə baha başa gələ bilər”.

Xatırladaq ki, Elvinin “Qarabağ”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

KƏNAN BAHADIR
Избранный
22
1
football-plus.az

2Источники